Ermənistanda ərzaq böhranı YAXINLAŞIR

DÜNYA
14:30 / 02.10.2020
1040

Azərbaycanın təmas xəttində əks-hücum əməliyyatlarına başlamasının hələ ilk mərhələsində Ermənistan artıq ərzaq təminatında ciddi problemlərlə üzləşir.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Baş analitiki Məsumə Talıbova Ermənistandakı son vəziyyəti şərh edərkən deyib.

Məsumə Talıbova bildirib ki, məlumatlara görə ərzaq məhsullarının əldə olunmasında məhdudiyyətlər, mağazaların bir qisminin fəaliyyətini dayandırması düşmənləri həyəcan təbilini çalmağa məcbur edib. Əhalinin təlaşı və bununla əlaqədar olaraq müxtəlif mənbələrə ərzaq dəstəyi ilə bağlı müraciətlərin sayı artır. Maraqlı məqam isə, sözügedən vəziyyətin sadəcə işğal olunmuş torpaqlarda deyil, həm də Ermənistan ərazisində aktual olmasıdır. Bu isə Ermənistanda tezliklə ərzaq böhranının dərinləşəcəyini deməyə əsas verir. Ümumiyyətlə, Ermənistan həm iqtisadi, həm sosial, həm siyasi və demək olar ki, bütün sahələrdə Azərbaycandan geri qalır. Düşmən sadəcə öz resurslarına və qüdrətinə görə qiymətləndirildikdə Azərbaycana rəqib olaraq adlandırıla bilməyəcək qədər gücsüzdür. Təkcə ölkənin sosial vəziyyətinə nəzər salmaq xalqın bitkinliyini, müharibəyə hazır olmadığını anlamağa yetərli ola bilər. Belə ki, cəmi 3 milyona yaxın əhalisi olan dövlətin demək olar ki dörddə birini (23.3 %) yoxsul əhali təşkil edir. Başqa sözlə, Ermənistan vətəndaşlarının hər 4 nəfərdən 1-i yoxsuldur. Əhalinin sağlamlığı və rifahı üçün önəmli göstərici olan qida təhlükəsizliyi də Ermənistanda ciddi dərəcədə aşağı həddədir. Belə ki, ölkənin 15.3% əhalisinin qida təhlükəsizliyi problemi mövcuddur, 6% əhali isə gündəlik tələbatı olan qidanı əldə edə bilməyərək aclıqla üzləşir.

0
Modern.az