Çikaqoda Gəncə terroruna belə etiraz edilir - FOTO

DÜNYA
12:50 / 17.10.2020
1089

ABŞ-ın İllinoys ştatında yaşayan soydaşlarımız Gəncə terrorunu pisləyən aksiya keçiriblər. 

Diasporla İş üzrə Dövlət Komitəsindən HİT.Az-a verilən məlumata görə, aksiya Çikaqo şəhərində keçirilib və iştirakçılar Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəf almasını, ölkəmizin müxtəlif şəhər və rayonlarında onlarla günahsız insanın qətlə yetirilməsini, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər. Aksiya iştirakçıları cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin gecə saatlarında ağır artilleriya atəşinə tutulmasını erməni vandalizminin bariz nümunəsi olduğunu qeyd ediblər.

Bildirilib ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcəbədi və digər rayonlarının ağır artilleriya atəşinə tutulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin göstəricisidir.

Aksiya iştirakçıları mülki əhaliyə qarşı törədilən cinayətləri pisləyərək, beynəlxalq ictimaiyyəti erməni vəhşiliyini qınamağa və ərazi bütövlüyünün bərpası istiqamətində apardığı haqlı mübarizədə Azərbaycanı dəstəkləməyə səsləyiblər.

Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni ilə yanaşı İstiqlal marşı oxunub, müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!”, “Erməni terroruna son!”, “Uşaqları öldürməyin!”, “Mülki şəxsləri öldürməyin” “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Biz ədalət istəyirik!” kimi şüarlar səsləndirilib.

Aksiya iştirakçıları sonda erməni konsulluğunun binasının önünə gedərək etirazlarını bildiriblər.

0