Hərbi əməliyyatların başladığı dövrdən xarici ölkələrdə ermənilərin sıx yaşadığı yerlərdən Ermənistana aviareyslərin sayında artım müşahidə olunur.
HİT.Az-ın Trend-ə istinadən məlumatına görə, hələ 2016-cı ilin aprel döyüşləri zamanı ermənilər sıx yaşadıqları Rusiyanın Voronej şəhərindən Qarabağda döyüşmək üçün 300 nəfərdən ibarət dəstə göndərmək istəyiblər.
Rusiyanın Voronej vilayətində böyük Ermənistan diasporu fəaliyyət göstərir. Bu vilayət Ukrayanın münaqişə gedən ərazilərinə yaxındır. Bu fakt həmin ərazilərdən gizli çıxarılmış silahların Ermənistana göndərilməsi imkanlarını istisna etmir.
Hazırda da ermənilərin sıx yaşadığı ərazilərdən Ermənistana aviareyslərin sayında artım müşahidə olunur. "Flightradar24" məlumat bazasının təhlili göstərir ki, bu işlərə Ermənistanın öz aviaşirkətləri fəal cəlb olunub. Belə ki, "Aircompany Armenia" şirkəti Voronejdən Yerevana reys planlaşdırıb (oktyabrın 23-də həyata keçiriləcək).
Qeyd edək ki, bir müddət əvvəl xarici telekanallar Fransadan döyüşmək üçün Ermənistana gələn şəxslərin hava limanında qarşılanması barədə videosüjet hazırlamışdı. "Flightradar24"-ün məlumatına görə, "Aircompany Armenia" şirkəti oktyabrın 14-də Fransanın Lion şəhərindən aviareys həyata keçirib. Növbəti belə reys bu gün üçün (22 oktyabr) planlaşdırılıb.
Əlavə edək ki, oktyabrın 14-də Liondan həyata keçirilmiş aviareys, şirkətin son 30 gün ərzində bu şəhərdən ilk uçuşudur. Bu, həmin reysin müntəzəm xarakter daşımadığını və Fransadan Qarabağa erməni yaraqlılarını daşımaq üçün istifadə olunduğunu söyləməyə əsas verir.