Fransa hakimiyyəti ASALA ilə işləyir?

DÜNYA
12:49 / 28.10.2020
1172

Fransa dünyada demokratiyanın beşiklərindən sayılır. Deməli, məntiqlə bu ölkədən daha çox ədalətli mövqe gözlənilməsi də təbiidir. Son illər bu möhtəşəm tarixi olan dövlətin başına gələnlərin davranışı və müdafiə etdikləri məsələlər Fransanın yeni tarixinə ləkə salır. Ancaq yaranmış şərait bu ölkənin nüfuzunun enməsini təsdiqləyir. Bir də Fransa dünyanı idarə etmək iddiasında olan 5 dövlətdən biridir. Odur ki, başqaları ondan haqq-ədalət məsələsində daha çox umur.

Deməli, Malidə ümumi təhlükəsizliyi təmin etmək üçün Fransanın başçılığı ilə 2014-cü ildən həyata keçirilən “Barxan” əməliyyatı uğurlu nəticə vermir. Özlərini müstəmləkəçi kimi apardıqlarından artıq bu ölkədə Fransa əleyhinə hərəkat başlayıb. “Ərəb baharı”, Suriya və İraqda beynəlxalq koalisiyanın keçirdiyi antiterror əməliyyatı Fransadakı hakimiyyətlərin əvvəlkilərlə müqayisədə zəif olduğunu təsdiqlədi.

Əslində, elə təsəvvür yaranır ki, Fransada siyasi-ideoloji boşluq var. Əks halda İslama qarşı Fransada bir-birini əvəzləyən hakimiyyətlər mübarizə aparmazdı. 2017-ci ilin məlumatına əsasən, bu ölkədə 5,7 milyon müsəlman var. Bu da ümumi əhalinin 8,8 faizini təşkil etməsi deməkdir. 2025-ci ildə bu rəqəmin 8,5 milyon nəfərə yüksələcəyi gözlənilir. Bu tendensiya Fransada müsəlmanların sayının atracağını ehtimal etməyə əsas verir. Başqa sözlə, yaxın 100 ildə Fransanın müsəlman ölkəsi olmaq ehtimalı var. Odur ki, Fransada İslam “təhlükəli” sayılır. Ona qarşı faşist kimi dözümsüzlük göstərilir, mübarizə aparılır. Bunu İkinci Dünya müharibəsi illərində faşist Almaniyasının yəhudlilərə qarşı tutduğu mövqe ilə də müqayisə etmək olar. Bir də onu qeyd edək ki, Fransa erməni terrorçuları və separatçıları üçün dayaq məntəqəsi olub. Keçmiş SSRİ-nin başçısı Mixail Qorobaçovun iqtisadi məsələlər üzrə müşaviri Aqambekyan da Qarabağla bağlı hadisələrin anonsunu bu ölkədə çıxan “Humanite” qəzetində vermişdi.

Bu arada islamafobların və müəyyən mənada rəsmi Parisin mövqeyini “Charlie Hebdo” (“Şarl hebdo”) adlı mətbu orqanı təmsil edir. Dərc etdiyi karikaturlara görə, 1960-1969-cu illərdə fəaliyyəti dayandırılmış, sonra yenidən fəaliyyət göstərmişdi. Ancaq 1982-1992-ci illərdə yenə onun çapına icazə verilməmişdi. Fransa cəmiyyətinin müsəlmanlara qarşı körüklənməsinin idarə edildiyi də sirr deyil. “Charlie Hebdo”nun üz qabığında Məhəmməd peyğəmbərin karikaturalarına görə hücuma məruz qaldığı zaman Fransa başda olmaqla bütün Avropa ölkələri ayağa qalxdı, həmrəylik göstərdi. Fransa mətbuatı isə yaşanmış olayı təkcə “Charlie Hebdo”ya qarşı işlənmiş bir cinayət kimi yox, Fransa xalqının mənəviyyatına və demokratik dəyərlərinə qarşı işlənmiş bir cinayət kimi dəyərləndirdi.

Yeri gəlmişkən, Fransa hakimiyyətinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana olan münasibətini "Charle Hebdo" da əks etdirib. Bu da mətbu orqanın həm də siyasi sifarişlər yerinə yetirdiyini təsdiqləyir. Bu necə demokratik dəyərdir ki, Fransa vətəndaşlarının dini inancını təhqir edir? Azlığın hüququnun müdafiəsi demokratiyanın əsas prinsiplərindəndir. Bu satirik mətbu orqanın İslamı təhqir etməsinə imkan verilməsi Fransa cəmiyyəti və hakimiyyəti üçün demokratik dəyərlərin dəyənək, alət olduğunu sübut edir. Bu satirik jurnalın fəaliyyətini söz, mətbuat, özünüifadə azadlığı sayan Fransa hakimiyyəti ölkədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri yazan jurnalistlər, siyasətçilər, eləcə də ictimai şəxslər erməni təşkilatlarının hədə-qorxusu ilə üzləşməsinə göz yumur. Fransa hakimiyyətinin Azərbaycanın ədalətli mövqeyinə dair real məlumat yayan istənilən televiziya kanalını boykot etməyə çağırış edilir, jurnalisti birbaşa ölümlə təhdid olunur. Fransa kimi söz azadlığından danışan bir ölkədə erməni lobbisinin söz azadlığını boğması qəbuledilməzdir. Yoxsa, Fransa dövlətini erməni lobbisi idarə edir? Jurnalistikanın fundamental prinsiplərinə sadiqlik nümayiş etdirərək baş verənlər barədə qərəzsiz məlumat təqdim edən həm “TF1” kanalının rəhbərliyi, həm də Xanım Budul yayımlanan reportajdan sonra erməni lobbisinin təhdidlərinə məruz qalıb. Yalanlarının ifşa olunduğunu görən erməni lobbisi öz məqsədlərinə nail ola bilmədikləri üçün hədə-qorxu və təhdidlərdən istifadə edirlər. Bu, bir daha erməni diasporunun iç üzünü, mətbuat azadlığına qarşı olan qərəzli münasibətini nümayiş etdirir. Xatırladaq ki, Dağlıq Qarabağda müharibə başlayanda “Liberation” qəzetinin jurnalistləri də erməni lobbisi tərəfindən ölüm hədələri almışdı.

Təəssüf ki, bütün dünya liderləri “Charlie Hebdo”ya qarşı hadisəni söz azadlığına qəsd kimi qiymətləndirdiyi halda, ASALA-nın, eləcə də erməni terror təşkilatlarının jurnalistlərə və beynəlxalq hüququ dəstəkləyən deputatlara qarşı ölüm hədələrinə susqunluq və biganəlik nümayiş etdirir. Məsələ burasındadır ki, bu gün azadlıq ideyasından böyük dövlətlər digər dövlətlərə təsir etmək üçün alət kimi istifadə edirlər. Onu da qeyd edək ki, “TF1” kanalı və digər mətbu orqanların təhdidə məruz qalan əməkdaşları hazırladıqları reportajlarda heç də Azərbaycan mövqeyindən çıxış etmirlər. Lakin biz xarici media nümayəndələrinin neytral hazırladıqları məlumatlara anlayışla yanaşır və onların əməyinə hörmətlə yanaşırıq.

Bundan başqa, ermənilər artıq aşkar şəkildə onlara dəstək olmayan müttəfiqlərini, bir sıra böyük dövlətləri terrorla hədələyir. Fransa Milli Assambleyasının (Parlament) Xarici İşlər üzrə Komissiyasının və Fransa-Azərbaycan Dostluq Qrupunun üzvü, deputat Jerom Lamberin erməni lobbisinin üzvləri tərəfindən ona göndərilən təhdid dolu yazını tvitter hesabında paylaşıb. Dostluq qrupunun vitse-prezidenti Fransadakı erməni lobbisinin onların mövqeyini dəstəkləməyən avropalı siyasətçiləri belə təhdid etdiyini də bildirib.

Erməni lobbisi bu kimi fəaliyyəti ilə Fransa vətəndaşlarını - jurnalistləri və siyasətçiləri susdurmaq üçün səfərbər olunurlar. Fransızları hədələyən erməni terrorçular fikir azadlıqlarına qarşı çıxır, ölkə ictimaiyyətinin real informasiya əldə etmək imkanlarının qarşısını alır. Alternativ informasiya mənbələrinin bağlamağa çalışırlar. Bununla da Fransa hakimiyyətinin beynəlxalq hüquqa qarşı çıxdığının şahidi oluruq. Ermənilər və Ermənistanın Fransada davranışı bir daha onların terror vasitəsi olaraq seçildiyini təsdiqləyir. Əks halda "TF1” telekanalı, beynəlxalq hüququ dəstəkləyən deputatlar terror və ASALA ilə hədələnməzdi.

Fransa Avropa İttifaqının aparıcı dövlətidir. Müsəlman seçicilərin təhqir edilməsi, Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədri olaraq tutduğu mövqe Fransada söz azadlığına və demokratik prinsiplərin tapdandığını deməyə əsas verir. Bu həm də Avropa cəmiyyətində söz və ifadə azadlığı üçün qorxunc mənzərə yaradır, onun perspektivini təhdid edir. Erməni terrorunu dəstəkləyən Fransa hakimiyyəti Gəncədə bir yaşlı Nigarın, Bərdə də 7 yaşlı Aysunun qətlinin iştirakçısına çevrilir. ASALA Fransada meydan oxuyur. Emmanuel Makron hakimiyyəti isə bu terrorçu qruplaşmanın fəaliyyətinə göz yumur.

Dərs müddətində şagirdlərinə Məhəmməd peyğəmbərin cizgi filmlərini göstərdikdən sonra başı kəsilərək qətlə yetirilən müəllim Samuel Patinin ölümünə etiraz olaraq Fransa daxilində minlərlə adam küçə etirazlarında iştirak edib. O da bildirilib ki, Samueli Abdullah adlı şəxsin qətlə yetirdiyi iddia olunsa da, sonradan anti-İslam təbliğatı aparan Patin polis tərəfindən vurularaq öldürülüb. İstintaq çərçivəsində 11 şəxs saxlanılıb. Belə nəticə çıxarmaq olar ki, Fransa hakimiyyəti bu sayaq hadisələrin yaranmasında maraqlıdır. İnsanların hissləri və heysiyyatı ilə oynayanların əməllərini “demokratiya” adlandırır. Belələrini hakimiyyətin cəzalandıracağını gözləyənlər buna reaksiya görmədikdə emosiyalarını idarə edə bilmirlər. Onların törədikləri cinayətdən isə Fransa hakimiyyəti öz qərəzli məqsədi üçün istifadə edir.

4
Report.az