Ermənistanda yoxsulluq səviyyəsi daha da artacaq

DÜNYA
22:27 / 04.11.2020
841

 “Ermənistanın kapital və maliyyə hesabı cari əməliyyatlar hesabının kəsrini örtə bilmir. İqtisadi və siyasi qeyri-sabitlik vəziyyətində yeni xarici investisiyalar cəlb edərək cari kəsrin maliyyələşdirilməsi mümkün görünmür. Ermənistana birbaşa xarici investisiyalar region ölkələri üzrə ən aşağı göstəricilərdən biridir və son illərdə mədən və enerji sektorlarında cəmlənib. Az sayda iri operatorun üstünlük təşkil etdiyi mədən sənayesi xarici təsirlərə həssasdır. Hökumətin bu sahədəki araşdırmaları investorlar etibarını azaldır”.

HİT.Az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Ermənistandakı iqtisadi vəziyyətə dair yeni şərhində qeyd olunub.

Bildirilib ki, ekoloji problemlər "Amulsar" mədənindəki "Lydian İnternational" kimi mədən şirkətlərinin fəaliyyətini də məhdudlaşdırır:

“Azərbaycana ərazi iddiaları səbəbindən ölkə BTC və BTK kimi bölgədəki böyük nəqliyyat layihələrindən təcrid olunub. Ermənistanın maliyyə hesabına dair proqnozlar qeyri-rezidentlərin depozitlərinin geri götürülməsini də nəzərə alır. Beləliklə, milli valyutaya təzyiq artmaqdadır. Gözlənilən devalvasiyanın yaradacağı inflyasiya Ermənistanda yoxsulluq səviyyəsini daha da artıra bilər. Bundan əlavə, balanslarda yüksək dollarlaşma bankları məzənnə ilə əlaqəli potensial kredit və likvidlik risklərinə məruz qoyur. Üzən məzənnə rejimi ilə bağlı öhdəliyinə baxmayaraq, Ermənistan Mərkəzi Bankı mart və aprel aylarında dramın 5%-dən çox dəyərdən düşməsinin qarşısını almaq üçün valyuta bazarına müdaxilə edib. Məhdud beynəlxalq valyuta ehtiyatlar Mərkəzi Bankın valyuta bazarına müdaxilələrini məhdudlaşdırır. Avqustun sonunda beynəlxalq ehtiyatlar təxminən 2,7 milyard ABŞ dolları olub. "Fitch" 2022-ci ildə xarici valyuta ehtiyatlarının cari əməliyyatlar hesabı üzrə dənişləri 4.0 aya yaxın qarşılaya bilən həddə olacağını gözləyir ki, bu da yetərlilik limitinə çox yaxındır. Ehtiyatların yalnız kiçik bir hissəsi likvid aktivlərdir”.

İİTKM-in şərhinə görə, Ermənistanın rəsmi məlumatlarında qeyd olunur ki, 2020-ci ilin yanvar-avqust aylarında xarici borc 4.7% artaraq 2020-ci ilin sentyabrına qədər 6.1 milyard ABŞ dollarına çatıb:

“Borc mənbələri şaxələndirilməyib ki, bu da repatriasiya halında yaranan risklərini artırır. Kredit əsasən bir neçə xarici və beynəlxalq təşkilat tərəfindən verilib, ölkənin BVF-dan cəlb etdiyi və indiyədək demək olar ki, tamamilə xərclədiyi 2020-ci il üzrə büdcə dəstəyi, AB qrantı və BMİ-nin layihələr üzrə maliyyəsindən ibarətdir. "Fitch" Ermənistanın xalis xarici borcunun ÜDM-ə nisbətinin 2019-cu ilin sonundakı 47,3%-dən 2022-ci ilin sonunda 57,6% -ə çatacağını proqnozlaşdırır və bunun oxşar ölkələr qrupu üzrə 29,9% təşkil edən  median orta göstəricidən yüksək olduğunu bildirir. 2020-ci il 31 avqust tarixinə Ermənistanın dövlət borcunun 76%-dən çoxu xarici valyutadadır ki, bu da ölkəni məzənnə dəyişkənliyinə qarşı həssas edir. Beləliklə, Ermənistanda ixrac sənayesində durğunluq, xaricdən pul baratlarının azalması, davam edən hərbi əməliyyatlar, səhiyyə böhranı və dayanıqsız pensiya sisteminin kombinasiyası xarici və fiskal dayanıqsızlığı artırır və əkiz kəsirləri genişləndirir. Bu da öz növbəsində məzənnə dəyişkənliyinə, xarici valyuta ehtiyatlarının azalmasına, yeni kreditlərin cəlb olunma xərclərinin artmasına, xarici borcun və faiz yükünün artmasına səbəb ola bilər”.

0