Erməni qaçqın: “Özləri milyoner oldular, biz isə heç kimik” - VİDEO

DÜNYA
18:40 / 17.11.2020
2093

İkinci Qarabağ savaşından öncə Ermənistanın müxtəlif şəhərlərində vətəndaşlar arasında sorğu keçirilib. Sorğuya cəlb olunan ermənilərə “Dağlıq Qarabağ münaqişəsi həll olunarsa, azərbaycanlılar geri qayıdarlarsa, onlarla bir yerdə yaşamaq mümkündürmü?” sualı ilə müraciət olunub.

Ermənistanın Gümrü şəhərində bənnalıq edən erməni fəhlə bunun mümkünsüz olduğunu xatırladaraq, azərbaycanlıların geri qayıtmasına imkan verməyəcəklərini bildirib. Qeyd edib ki, əgər azərbaycanlılar geri qayıdarlarsa Ermənistan yox olacaq. O, indiyə qədər Ermənistanı 330 kilometr məsafənin (vaxtilə işğal altında saxlanılan əraziləri nəzərdə tutur) xilas etdiyini diqqətə çatdırıb. Jurnalistin “Axı sovetlər birliyi dövründə hər iki xalq bir yerdə yaxşı yaşayıblar” iradına cavab olaraq erməni bənna deyib ki, heç də yaxşı yaşamayıblar. 

Gümrü şəhərindəki başqa bir erməni Dağlıq Qarabağ münaqişəsinə, əlaqələrin kəsilməsinə görə azərbaycanlıların deyil, ermənilərin günahkar olduğunu dilə gətirib. O, münaqişənin həlli baxımından sadə ermənilərin əlindən heç nə gəlmədiyini etiraf edib. 

Araratda sorğuda iştirak edən erməni deyib ki, münaqişəni həll etmək çox asandır və bunun sayəsində hər iki tərəf bir-birinə gedib-gələ bilər, lakin düşmənçilik qalacaq. 

Hadrutda vaxtilə yaşayan yaşlı erməni (indi bu qəsəbə Azərbaycanın nəzarətindədir və orada heç bir erməni qalmayıb) sovet dövründə hər iki xalqın bir yerdə yaşadığını, aralarında heç nə olmadığını söyləyib. Vurğulayıb ki, iki xalq arasında baş verənlərə görə, sadə, məlumatsız xalq deyil, yuxarıda oturanlar (Ermənistan siyasi hakimiyyətini nəzərdə tutur) günahkardırlar: “Xalqa təlqin etmişdilər ki, əgər Dağlıq Qarabağ orada yaşayan ermənilərlə birlikdə Ermənistana birləşsə hər şey gözəl olacaq, daha yaxşı yaşayacağıq. Sonra elə oldu ki, bu sözləri deyənlər, vədlər verənlər özləri milyoner oldular, biz isə heç kimik”. 

Havar sakini gənc erməni qızın sözlərinə görə, orta məktəbdə müəllimlər şagirdlərə öyrədir ki, azərbaycanlılar sizin düşməninizdir: “Belə təbliğat nəticəsində biz azərbaycanlılara daha çox nifrət edir, onları görmək istəmirik”. 

Xankəndindəki erməni müəllimə azərbaycanlıların geri qayıtmasını istəmədiyini bildirib. Qeyd edib ki, övladlarının türklərlə bir yerdə yaşamasını istəmir: “Bütün dünya bizi işğalçı adlandırsa da biz bunu istəmirik. Qoy desinlər ki, siz işğalçısınız. Bəli, mən bunu qəbul edirəm. Amma türklərlə bir yerdə yaşamaq istəmirəm. Söylədiklərimə görə məsuliyyət daşımağa hazıram”.

Laçında (hazırda bu rayon ermənilərdən boşaldılır) keçirilən bir yığıncaqda çıxış edən ermənilər də azərbaycanlılarla bir yerdə yaşamaq istəmədiklərini dilə gətirib absurd fikirlər səsləndiriblər. 

Kəlbəcər (bu rayon da ermənilərdən boşaldılır), Əsgəran və Şuşada yaşayan (bu şəhər də indi Azərbaycanın nəzarətindədir və orada heç bir erməni yaşamır) ermənilər də azərbaycanlılarla birlikdə yaşamaq istəmədiklərini, seçim edəcəkləri halda Ermənistanda yaşamağa üstünlük verəcəklərini qeyd ediblər. Onlar arasında obyektiv mövqe bildirənlər də olub. “Əgər məsələ ədalətli həllini taparsa iki xalq yenidən bir yerdə yaşaya bilər. Mən yaşadığımı, gördüklərimi deyirəm. Bir dəfə Ağdamda avtomobil qəzası keçirdim. Azərbaycanlı dərhal maşınımı öz qarajında gizlətdi ki, yol polisinin əlinə düşməyim, cərimələnməyim. Bu dostluq deyil bəs nədir? Məgər bunu partiya tələb edirdi? Məgər düşmən düşmənə kömək edər?” – deyə vurğulayan erməninin üstünə dərhal onun həmkəndiləri düşüblər. Bu etirafı edən ermənilər dərhal digərlərinin təzyiqinə məruz qalıblar.

 

1
yenisabah.az