General Paşinyanın arvadına nələr deyib?

DÜNYA
11:49 / 20.11.2020
2019

Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi Movses Akopyan Baş nazir Nikol Paşinyanın xanımı Anna Akopyanla aralarında olan insidentə aydınlıq gətirib. 

Erməni KİV xəbər verir ki, Movses Akopyan komanda məntəqəsində Anna Akopyanın “Dağlıq Qarabağ Respublikası”nın “Təhlükəsizlik Şurası”nın keçmiş katibi Samvel Babayanla döyüş əməliyyatlarını izlədiyini görüb. “Komanda məntəqəsinə kənar şəxslərin girişi qadağan olsa da, mən içəri girəndə Anna xanımı orda gördüm. O, heç bir işə qarışmır, heç kimə göstəriş vermirdi. Sadəcə monitordan döyüş meydanında baş verənləri izləyirdi. Sonra ona yaxınlaşaraq dedim ki, Anna xanım getmək lazımdır, çünki uşaqlar bağırırlar, söyüş söyürlər, sizdən ayıbdır. “Yaxşı” dedi və 20 dəqiqədən sonra məntəqəni tərk etdi”, - deyə Akopyan bildirib.

Onun sözlərinə görə, 4 saatdan sonra İrəvana çağırılıb: “Sentyabrın 30-da Baş nazirə məruzə etmək üçün onun qəbul otağına gəlmişdim. Amma məni qəbul etmədi. Ümid edirdim ki, Müdafiə Nazirliyinə çağırılmağım cəbhədəki vəziyyətlə bağlıdır. Amma nazirlə görüşəndə mənə dedi ki, Qarabağa getməməlisən. Səbəbini soruşdum, “bilmirəm” dedi. Soruşdum göstərişi kim verib, “Baş nazir” dedi”.

Bundan sonra Movses Akopyan Paşinyana aşağıdakı məzmunda mesaj yazıb:

“Burada qala bilmirəm, məni Artsaxa göndərin, ürəyim partlayır”. Amma Akopyanın mesajı cavabsız qalıb. Paşinyan ümumiyyətlə mesajı oxumayıb.

Movses Akopyan separatçı rejimin rəhbəri Araik Arutyunyanla əlaqə saxlayıb. Ondan xahiş edib ki, Baş nazirə mesajı oxumasını söyləsin. “Araik Arutyunyan əvvəlcə razılaşdıb, lakin sonradan zəng vurub dedi ki, Baş nazir səni qəbul edəcək.

Üç gün keçdi. Baş nazirin protokol xidməti ilə əlaqə saxlayıb nə vaxt qəbula düşə biləcəyimi öyrənmək istədim. Bildirdilər ki, Baş nazir məni qəbul etməyəcək”, - deyə Akopyan bildirib.

Onun sözlərinə görə, Qarabağa getməkdə israr etdiyinə görə koronavirus testindən keçməyə məcbur olub. Testin cavabı neqativ çıxıb və o Qarabağa yollanıb. Lakin Qarabağa gələndə deyilib ki, analizin nəticələrinə görə o ikitərəfli sətəlcəm olub. Beləliklə, Akopyan İrəvana dönmək məcburiyyətində qalıb. Burada isə həkimlər ona bildiriblər ki, səhhətində heç bir problem yoxdur. Lakin bundan sonra Akopyanın Qarabağa getmək və komanda məntəqəsinə daxil olmaq cəhdlərinin qarşısı koronavirus bəhanəsilə alınıb.

1
yenisabah.az