“Putinin bu çıxışı ermənilərin bütün ümidlərini alt-üst etdi”

DÜNYA
17:03 / 25.11.2020
9926

Noyabrın 10–da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən üçtərəfli Bəyanat imzalanması ölkəmiz üçün tarixi hadisədir. Bununla da 30 ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu. Üçtərəfli Bəyanat problemin həlli istiqamətində son nöqtə oldu. Tarixi əhəmiyyət kəsb edən bu Bəyanat Ermənistanın kapitulyasiyası, eyni zamanda, Azərbaycanın şanlı Qələbəsidir.

Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib. Ç.Qənizadə deyib ki, bu Qələbə asan başa gəlmədi. Ermənistanın işğalçı siyasətinə son qoymaq üçün dövlətimizin başçısının siyasi uzaqgörənliyi, düşünülmüş strategiyası sayəsində döyüş, diplomatiya və informasiya cəbhələrində böyük işlər görülüb, münaqişənin həlli ilə bağlı zəngin hüquqi baza formalaşdırılıb, tarixi həqiqətlər və real vəziyyət dünya ictimaiyyətinə çatdırılıb. 

Azərbaycan Prezidentinin səyləri nəticəsində ölkəmiz Ermənistanın və havadarlarının yaratdığı mifləri dağıtdı, informasiya müharibəsində böyük üstünlük əldə etdi. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olarkən dövlətimizin başçısı çıxışında bu məsələləri bir daha diqqətə çatdırdı.

Prezident dedi ki, biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Biz güc toplamalı idik və toplayırdıq. Möhtərəm Prezidentimiz son 17 il ərzində xalqa müraciət edərkən “biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq” fikrini dəfələrlə xatırlatdığını bildirdi. Bu gün dünyada güc amilinin həlledici rol oynadığını deyən Ali Baş Komandan haqq-ədalətin, beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu vurğuladı. Ancaq gücümüzün yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdır: “Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır”.

Biz artıq həmin günün şahidiyik. Otuz illik işğala son qoyuldu. Bu tarixi Qələbədə diplomatik uğurlarımızı xüsusi qeyd etməliyik. Son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı müvafiq mükəmməl hüquqi baza yaradılıb. Dövlət başçımızın yorulmaz siyasi fəaliyyəti, həm xarici səfərlərində, həm nüfuzlu beynəlxalq tədbirlərdəki çıxışlarında, həm də keçirdiyi görüşlərdə, ilk növbədə, ərazilərimizin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu və bunun nəticəsində bir milyondan artıq soydaşımızın doğma ata-baba yurdlarından didərgin salındığını faktlarla diqqətə çatdırması öz müsbət nəticəsini göstərdi. BMT Təhlükəsizlik Şurasının, Qoşulmama Hərəkatının, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və digər nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələri Ermənistanın işğalçı dövlət olduğunu bur daha təsdiqlədi. Həmin qətnamələrdə birmənalı olaraq Azərbaycan ərazilərinin işğal olunduğu öz əksini tapırdı.

Dövlət başçımızın Ağdam rayonundakı çıxışı zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının dəstəklənməsini diqqətə çatdırması ölkəmizin beynəlxalq aləmdəki reytinqinin göstərici idi.

Qələbənin qazanılmasında ölkəmizin informasiya cəbhəsindəki nailiyyətləri də mühüm rol oynadı. Azərbaycan münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni dünya ictimaiyyətinə olduğu kimi çatdırmaqla, informasiya müharibəsində mühüm qələbə qazandı. 44 günlük müharibə dövründə Prezident İlham Əliyevin dünyanın 30-a yaxın aparıcı televiziya kanallarına, qəzetlərinə və informasiya agentliklərinə verdiyi müsahibələr beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyini gücləndirdi, erməni yalanlarının ifşa edilməsində önəmli rol oynadı. Artıq beynəlxalq aləm Azərbaycanın haqq işinə tərəfdar çıxdığını açıq şəkildə bəyan edir.

ATƏT-in Minsk qrupu həmsədrlərindən biri - Rusiyanın Prezidenti Vladimir Putinin “Rossiya-1” telekanalına müsahibəsində “Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir” deməsi Ermənistan rəhbərliyinin bütün ümidlərini alt-üst etdi. V. Putin həm də Ermənistanın qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyini və suverenliyini tanımadığını xatırladıb: “Bu, o deməkdir ki, beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”. Bununla da Ermənistan rəsmən işğalçı ölkə kimi tanındı.

ABŞ-ın Avropadakı qoşununun keçmiş komandanı, general-leytenant Ben Xocesin “EUObserver” nəşrindəki məqaləsində yer alan fikirlər də diqqəti cəlb edir. General-leytenant yaranmış vəziyyətdə ABŞ və Avropanın kənarda qalmasının uyğun seçim olmadığını qeyd edib: “Dağlıq Qarabağ beynəlxalq aləm tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınır. Şərq və Qərb arasında yeganə quru dəhliz Azərbaycandan keçir. Bu, əslində, daha böyük Qara dəniz regionunun iqtisadi potensialının inkişafı üçün açardır və Qərb artıq yubanmamalıdır”.

B.Xocesin fikrincə, Qərb hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın yerinə yetirilməsində Bakıya mövqeyini müdafiə etməyə kömək etməlidir. Çünki beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.

Beynəlxalq birliyin Azərbaycanın haqq işini müdafiə etməsi barədə kifayət qədər faktlar var. Çünki Azərbaycan Ordusu öz torpağında vuruşurdu. Azərbaycan xalqı onu ümdə arzularına - Qələbəyə qovuşduran Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşib.

1