Ermənistan hakimiyyəti növbədənkənar parlament seçkilər keçirmək niyyətindədir.
Erməni mediası xəbər verir ki, bu məsələ müxalifətlə də razılaşdırılıb. Lakin hələlik siyasi hakimiyyət bu barədə danışmaq istəmir.
Bildirilir ki, ötən gün maxalif Respublika partiyasının elitası toplantı keçirib. Toplantıda növbədənkənar parlament seçkilərinə ciddi hazırlıq barədə müzakirələr keçirilib.
Bir neçə gün əvvəl isə Baş nazir Nikol Paşinyan hakim “Mənim Addımım” parlament fraksiyasının deputatları ilə qapalı iclas keçirib. Baş iclasda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsini müzakirə edib.
Ermənistanda tanınmış ictimai-siyasi xadimlərin də erkən seçkilər barədə danışması bu məsələnin yaxın günlərdə elan ediləcəyindən xəbər verir.
Nikol Paşinyan Qarabağdakı məğlubiyyətdən sonra Ermənistan cəmiyyətinin hədəfinə gəlib. Noyabrın 9-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri arasında Qarabağda atəşin dayandırılması barədə imzalanan bəyanatdan sonra ölkədə faktiki siyasi böhran yaranıb. Müxalifət və Qarabağdakı məğlubiyyəti həzm edə bilməyən digər siyasi qüvvələr Paşinyanın istefasını tələb edirlər.
Noyabrın 10-dan bu yana Ermənistanda lokal etiraz aksiyaları müşahidə edilir. Dünən isə ölkə boyu kütləvi itaətsilik aksiyası keçirilib.
Erməni mediası yazır ki, növbədənkənar parlament seçkiləri baş tutmayacağı təqdirdə böhran daha kəskin xarakter ala və vətəndaş qarşıdurması ilə nəticələnə bilər.