“Torpaqların tezliklə veriləcəyini bildiyiniz halda, niyə bizim övladlarımızı öldürdünüz? Nə üçün 18-20 yaşlı uşaqlarımızı ölümə verdiniz?”.
Pravda.az xəbər verir ki, bunu dünən Eçmiədzindəki hərbi hissənin qarşısında oturaq aksiya keçirən əsgər valideynlərindən biri deyib.
İtkin düşmüş övladını hələ də tapa bilməyən əsgər atası baş nazir Nikol Paşinyanı tənqid edib. Onun sözlərinə görə, oğlunun döyüşmək üçün aparıldığı Azərbaycan ərazisinə əvvəlcə kəşfiyyatçılar, sonra ordu göndərilməli idi:
“Lap əvvəldən ərazinin təmiz olub-olmadığını bilmək üçün ora kəşfiyyatçılar göndərilməli idi. Ərazi yoxlanılmalıydı. Həmçinin uşaqları ora ardıcıl olaraq üç avtobusla heç nələri olmadan daşımaq lazım deyildi. Onlar əsgərləri yarıyuxulu vəziyyətdə belə daşıdılar”.
Xatırladaq ki, Ermənistanın Eçmiədzin şəhərində yerləşən hərbi hissənin döyüş təcrübəsi olmamış bir bölüyü müharibə vaxtı Zəngilana aparılıb. Döyüş meydanına girən kimi hamısının mühasirəyə düşərək məhv edildiyi bildirilir. Onlardan hələ də xəbər yoxdur və itkin düşən hərbçilərin yaxınları mütəmadi olaraq sözügedən hərbi hissənin, hökumət binası və Müdafiə Nazirliyinin qarşısında aksiyalar keçirirlər. Əsgər yaxınları Azərbaycanın Zəngilan rayonu ərazisində axtarış tədbirlərinin görülməsini tələb edirlər. Valideynlərin sözlərinə görə, övladları məhz bu ərazidə itkin düşüblər.