Rusiyalı müxalifət lideri və bloqer Aleksey Navalnı bazar günü axşam müalicə olunduğu Berlindən Moskvaya döndü.
HİT.Az Rusiya mətbuatına istinadən xəbər verir ki. Navalnı "Şeremetyevo" hava limanında Rusiyanın Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun 29 dekabr 2020-ci il tarixdən axtarışda olduğu bildirilir: "17 yanvar tarixində "Şeremetyevo" hava limanında Federal Penitensiar Xidmətin Moskvadakı əməliyyat şöbəsinin axtarış şöbəsinin əməkdaşları şərti cəzaya məhkum edilmiş, sınaq müddətini dəfələrlə pozduqlarına görə 29 dekabr 2020-ci ildən bəri axtarılanlar siyahısında olan Aleksey Navalnı saxlanıldı".
Qeyd edilir ki, müxalifətçi barəsində növbəti həbs qətimkan tədbiri məhkəmə tərəfindən müəyyən ediləcək. "Məhkəmə qərarı çıxana qədər o, həbsdə olacaq", - məlumatda deyilir.
Əvvəlcə Navalnın olduğu təyyarə "Vnukovo" hava limanında enməyi planlaşdırsa da, daha sonra uçuş paytaxtın digər aeroportu "Şeremetyevo"ya yönləndirildi.
29 dekabr 2020-ci il tarixində Cəzaların İcrası Federal Xidmətinin müxalifət liderini axtarışa verdi və onu həbs edəcəyinə söz verdi. Müxalifətçiyə qarşı "İv Roşe işi" adlandırılan iş üzrə verilən hökmün pozulması iddiası ilə yeni iş açılıb.
Navalnı ötən ilin avqust ayından Omsk hospitalından köçürüldüyü Almaniyada qalırdı. Bir neçə laboratoriya Navalnının “Noviçok” kimyəvi silahı ilə zəhərləndiyini təsdiqləmişdi. Berlinin “Şarite” klinikasında müalicə olunandan sonra müxalifətçi Almaniyada reabilitasiya keçirdi.
Navalnı Rusiya hakimiyyətini ona qarşı sui-qəsd törətməkdə ittiham edib, beynəlxalq araşdırma qrupu isə ehtimal olunan sui-qəsdçilərin adlarını müəyyən edib və onlar Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır