BMT-nin sülhməramlı əsgərləri tez-tez təcavüzlərdə əli olan "qəhrəman"lar kimi qalmaqallara səbəb olur. Bu günlərdə Konqoda azyaşlı qızın meşədə ölü tapılması onlar haqda yeni şübhələrə rəvac verib.
Associated Press-in yenidən gündəmə gələn son araşdırması göstərir ki, BMT-nin sülhməramlı əməkdaşları 2005-dən 2017-ci ilə qədər 2 min dəfə seksual zorakılıqda ittiham ediliblər.
Əgər bu qalmaqallarda episentr varsa, o, şübhəsiz ki, Konqo Demokratik Respublikasıdır. Bu ölkədə dünyada ən böyük BMT kontingenti yerləşdirilib ki, onun saxlanmasına hər il milyard dollar xərclənilir.
Seksual zorakılıqdan zərər çəkmiş 2 min qadın və qızdan 700-ü məhz bu ölkənin payına düşür.
Nə tipikdir, cinayətlər praktik olaraq araşdırılmır: sülhməramlıları heç də sülhə aid olmayan əməllərinə görə hüquq-mühafizə orqanları həbs etməyə tələsmir...
10-larla alçaldılmış konqolu qadınları müdafiə etməli olduğu halda, onları zorlayan BMT-nin sülhməramlı missiyası haqda Associated Press-in tükürpədən araşdırmasını oxuculara təqdim edirik:
Blandan adlı 15 yaşlı gənc qızı mərakeşli sülhməramlı əsgər zorlayıb. O, hamilə qalıb və oğlan uşağı dünyaya gətirib. Uşağın atasını tapmayıblar və BMT-yə olunan bütün müraciətlər cavabsız qalıb...
Yerli sakinlər Mayklı qəbul etmirlər, onlar onu - ağ insandan peydahlanan "çıxarış" adlandırırlar. O, yalnız özü kimi təcavüz nəticəsində dünyaya gələnlərlə oynaya bilər, başqa uşaqlar onu yanlarına buraxmırlar...
Zalımlardan hamilə qalmış qızlar məktəbi ataraq, həyatlarını heç kəsə lazım olmayan uşaqlarına həsr etməyə məcbur olurlar. Əlində "çıxarış"ı olan qadına ər tapmaq praktik olaraq mümkün deyil. Onları ağlağəlməz məşəqqətli həyat gözləyir.
Bor adlı balaca qızın 11 yaşı olanda sülhməramlı əsgər ona çörək və banan təklif edərək meşəyə aparır və orada qızcığazı zorlayır. Bu mənfur hadisədən sonra uşaq dünyaya gətirən qızdan ailəsi imtina edir və o, məktəbi də atmalı olur. 2 il sonra "sülh göyərçinləri"ndən daha biri onu alçaldır və Bor yenidən hamilə qalır. Uşaqları tərbiyə etmək onun üçün dözülməz dərəcədə çətin idi - yardıma körpələrin üzərində qəyyumluğu rəsmiləşdirmiş dayısı gəlir...
Associated Press qızların üzərində seksual zorakılıqda ittiham olunan sülhməramlıların mənsub olduğu 12 ölkənin rəsmiləri ilə əlaqə saxlayıb. Heç bir paytaxtdan suallara dolğun cavab verilməyib. BMT-nin məsələyə münasibəti belədir ki, atalıq testinin nəticələrinə uyğun olaraq qadınlara yardım göstərilir...
15 yaşlı Endjel sülhməramlıların düşərgəsində qulluqçu işləyirdi. 2005-ci ildə o, BMT hərbi qulluqçusu tərəfindən zorlanır. Bu gün Endjelin qızının 12 yaşı var. Nə ona, nə də BMT qulluqçularından zərər çəkmiş başqa qadına indiyədək hər hansı bir maliyyə yardımı göstərilib.
"Sülhməramlılar qızları peçenye ilə, konfetlərlə və südlə cəlb etməyə çalışırlar, sonra isə zorlayırlar", - Dorkas Zavadi adlı, zərərçəkmiş qızlardan birinin qəyyumluğunu öz üzərinə götürmüş qadın danışır.
Ebiqeyl adlı qızcığazı 14 yaşında zorlayıblar. O, hətta öz uşağının atasının milliyyətini belə bilmir.
Bir çox gənc qız belə hamiləliklərdən və alçalmalardan sonra ağır həyat şəraitinə tab gətirə bilmir və intihara cəhd edir.
Ən dəhşətlisi budur ki, hər il BMT sülhməramlıları tərəfindən zorlama hadisələrinin ört-basdır edilməsi üçün qeyri-rəsmi olaraq yarım milyon dollar ayrılır. Amma pullar zərər çəkmiş qadınlara çatmır, onları regionda işləyən müxtəlif humanitar təşkilatlar qamarlayırlar...
Mənbə: Milli.az