"Putin Rusiya naminə etiraf etməlidir ki..." - Sibirdən Kremlə çatan etiraz dalğası

DÜNYA
15:53 / 27.01.2021
1121

Böyük Britaniyanın “The Observer” həftəliyinin son sayında işıq üzü görən redaksiya məqaləsində Rusiyada baş verən son olaylardan danışılır, prezident Vladimir Putinlə müxalifət lideri Aleksey Navalnı arasında fərqlər, onların siyasi xarakterləri müqayisə olunur və Rusiya hakimiyyətinə, Putinə xəbərdarlıqlar edilir.

HİT.Az Novator.az-ın “The Observer”dən tərcümə etdiyi materialı təqdim edir

Məqalədə deyilir ki, Putində olmayan hər bir xüsusiyyət Navalnıda var: “Navalnı cəsurdur, xarizmatikdir, olduqca dərrakəli, hazırcavab və siyasi baxımdan etibarlıdır. Təəccüblü deyil ki, Rusiyanın prezidenti onun qarşısında aciz qalıb, hətta Navalnının adını da dilinə gətirməyə çəkinir. Putin özünü elə aparır ki, guya ondan ötrü Navalnı mövcud deyil. Putin, əlbəttə, onu inkar edir. Amma Putinə inanan varmı?”

Məqalədə bildirilir ki, Navalnını və real problemləri inkar edən korrupsiyalaşmış repressiv rejimin başçısı üçün ötən həftənin sonu ağır keçdi: “Təhdid dolu rəsmi xəbərdarlıqlara, sərt qadağalara baxmayaraq minlərlə rusiyalı yüzlərlə şəhərdə küçələrə axışıb etiraz səsini ucaltdı. Xalq bütün ölkə boyu Navalnının həbsinə etiraz nümayiş etdirdi. Güc strukturları, təhlükəsizlik qüvvələri əvvəlcədən Navalnının köməkçilərini saxlayıb onlara məxsus sosial şəbəkə hesablarını nəzarətə götürsələr də, bu, işə yaramadı. Mitinq baş tutdu. Etiraz dalğası Sibirdən, Uzaq Şərqdən üzü belə güclənə-güclənə mərkəzə, Kremlə gəlib çatdı.

Putin isə bütün kritik anlarda olduğu kimi yenə heç harada gözə dəymədi. Ola bilsin, o özünün COVİD bunkerində, ya da Qara dəniz sahilindəki məxfi iqamətgahında gizlənmişdi. Ancaq xalqın “Navalnıya azadlıq!”, “Rusiyaya azadlıq!”, “Putinizmə son!” şüarlarını eşitməyə bilməzdi.
Saysız-hesabsız cəsur rusiyalı sinəsini irəli verib hakimiyyətin zorakılığına və hədələrinə meydan oxudu. Şərqi Sibirin mənfi 50 dərəcəyə enən şaxtası belə vətəndaşları evlərində saxlaya bilmədi. Putini və onun dövlətə daraşmış yelbeyin mafioz tərəfdarlarını ən çox qorxudan da budur: xalqın ehtiras dolu qəzəbi, kin dalğası! Tarix göstərib ki, rusiyalıların siyasi passivliyi, süstlüyü kəskin dəyişikliklər tələbi ilə əvəz olunanda, ardınca inqilab gəlir”.

Məqalədə vurğulanır ki, əslində Navalnı rejimi devirməyə çağırmır, hərçənd bu baş versəydi, onu alqışlayardı da: “Navalnının son cəhdləri yüksək səviyyədəki korrupsiya əməllərini ifşa etməyə yönəlib, hakimiyyəti ələ keçirməyə yox”.

“The Observer” hesab edir ki, Putinin son on ildə həyata keçirdiyi təqiblər əks nəticə verib, bu təqiblər Navalnını xalq qəhrəmanına, dünya şöhrətli rəqibə və de-fakto müxalifət liderinə çevirib: “Nə qədər ki, iş-işdən keçməyib, Rusiya təcili köklü islahatlara getməlidir. Navalnı – sadəcə fərd deyil, o, susdurulması mümkün olmayan hərəkatdır. Putin Rusiya naminə etiraf etməlidir ki, artıq onun vaxtı çatıb”.

2