İngilitərənin "Guardian" nəşri tibb mütəxəssislərinin apardığı müstəqil araşdırmaya istinadən 75% ölümlə nəticələnə biləcək "Nipah" virusunun pandemiyasından bəhs edib.
HİT.Az-ın məlumatına görə, Niderlandda yerləşən "Access to Medicine Foundation" təşkilatının mütəxəssisləri "Nipah" virusunun hər an baş qaldıra biləcəyi qənaətinə gəliblər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, əksər hallarda simptomsuz olan virus ciddi tənəffüs problemləri və beyin iltihabı yaradaraq 45 - 75% ölümə səbəb ola bilər. "Nipah" insana yarasadan, donuzdan və tərkibində virusun hüceyrələri olan qidalardan keçə bilər. "Nipah"a eləcə də başqa bir insandan yoluxmaq mümkündür. Mütəxəssislərin fikrincə, virusun əsas daşıyıcıları meyvə yarasalarıdır.
Araşdırmada deyilir ki, "növbəti pandemiya olarsa o, dərmanlara davamlı infeksiyadan əmələ gələcək". "Nipah" bəşəriyyət üçün ən təhlükəli viruslardan biri kimi ÜST-ün siyahısına daxil edilib. Bu infeksiyanın müalicəsi üçün hələlik heç bir dərman və vaksin mövcud deyil. Günümüzdə "Nipah"la mübarizədə ənənəvi simptomatik intensiv terapiyadan istifadə olunur.
İnfeksiyanın yayılmasının qarşısını almaq üçün ÜST virus daşıyıcısı yarasaların qida məhsulları ilə təmasını məhdudlaşdırmağı təklif edir.