"Mash" nəşrinin əməkdaşları "Putinin sarayı" kimi tanınan nəhəng tikilinin içərisinə girməyi bacardılar.
HİT.Az xəbər verir ki, jurnalistlər rusiyalı müxalifətçi Aleksey Navalnının araşdırmaları nəticəsində Rusiya prezidenti Vladimir Putinə aid olduğu iddia edilən Gələncik yaxınlığındakı sarayda olublar. Video "Mash" layihəsinin YouTube kanalında yayımlanıb.
"Putin sarayı"nda çalışan işçilərdən biri çəkilişlərin bir saatdan çox olmayacağı şərti ilə kanal əməkdaçlarına içəri buraxıb. Yayımlanan görüntülərdən əsas işin yalnız sarayın fasadında tamamlandığı görünür. Otaqlarda isə hələ ilkin tikinti işləri aparılır.
İşçilərin sözlərinə görə, iqamətgah 5-6 ilə hazır olacaq. Kanal əməkdaşları nəhəng tikilinin hansı məqsədlə inşa edildiyini və kompleksin kimə aid olduğu barədə heç bir məlumat əldə edə bilməyib.
Bundan əvvəl Korrupsiya ilə mübarizə fondu (KMF) Gələncik yaxınlığındakı kompleksinin planlarını dərc edib, obyekti Vladimir Putin və yaxınları ilə əlaqələndirib.
Rəsmi Kreml öz növbəsində bütün ittihamları rədd edib. RF Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısının belə bir sarayının olmadığını bildirib.