İş adamı çoxarvadlığa və korrupsiya əməllərinə görə edam edildi

DÜNYA
21:25 / 29.01.2021
1273

Çində hakim Kommunist partiyasının keçmiş komitə katibi və ölkənin aktivlərin idarə edilməsi üzrə ən böyük şirkəti “China Huarong Asset Management Co.Ltd”nin direktorlar şurasının keçmiş rəhbəri Lay Syaomin edam edilib.

HİT.Az xəbər verir ki, bu barədə Çinin “Sinxua” agentliyi məlumat yayıb.

Keçmiş iş adamına qarşı milyonlarla dollar vəsaiti talamaq və başqa korrupsiya əməlləri, habelə çoxarvadlıqla bağlı ittihamlar irəli sürülüb.

Məhkumun hansı yolla edam edildiyi göstərilməsə də, edamdan əvvəl yaxınları ilə görüşünə icazə verildiyi bildirilir.

Barəsində 2021-ci il yanvarın 5-də edam hökmü verilən Syaomin 2009-2018-ci illər ərzində 25 milyon yuandan artıq ictimai vəsaiti qəsb etməkdə, habelə bütövlükdə 1,79 milyard yuan (277 milyon ABŞ dolları) məbləğində rüşvətxorluqda şübhəli bilinərək 2018-ci ilin aprel ayında istintaqa cəlb edilmiş və işindən, habelə partiya üzvlüyündən xaric edilmişdi.

Bundan əlavə, Lay Syaomin məhkəmə tərəfindən çoxarvadlığa görə də günahkar bilinib. Belə ki, o, evli olduğu halda başqa qadınla da yaşayırdı və ondan bir uşağı vardı.

"Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatına görə, ildə minlərlə müttəhimin edama məhkum edildiyi Çin bu baxımdan dünya lideridir.

0