Avstraliyanın Sidney şəhərində Loui İnstitutu ölkələrin koronavirusla mübarizədəki fəaliyyətini araşdırıb.
“Haber Global” məlumat yayır ki, institut 9 yanvar 2021-ci ilədək ümumilikdə 98 ölkədən mövcud məlumatları istifadə edib.
Tədqiqatda hər ölkədə 100 yoluxma hadisəsi qeydə alındıqdan sonra 36 həftəlik proses qiymətləndirilib.
Araşdırmalarının “Covid Performance Index” adlı hesabatda yayılan nəticələrinə əsasən uğurlu və ya uğursuz ölkələrin koronavirus epidemiyası ilə necə mübarizə apardıqları açıqlanıb.
Hesabatda ən uğurlu performansa sahib ölkələr arasında Yeni Zelandiya, ardınca Vyetnam, Tayvan, Tayland, Kipr, Ruanda, İslandiya, Avstraliya, Latviya və Şri-Lanka yer alıb.
Braziliya bu baxımdan ən aşağı göstəriciyə sahib ölkədir. Onu prosesi ən uğursuz idarə edən ölkələr kimi ABŞ, İran, Kolumbiya və Meksika izləyir.
Qeyd edək ki, Braziliya dünya miqyasında koronavirus epidemiyasında ən çox itki verən ölkələrin sıralamasında ABŞ-dan sonra ikinci, xəstələrin sayına görə ABŞ və Hindistandan sonra üçüncü yeri tutmağa davam edir. Ölkədə koronavirusa yoluxma hadisələrinin ümumi sayı 9 060 786-ya, koronavirus səbəbi ilə ölənlərin sayı isə 221 676-ya çatıb.
Yeni Zelandiyada isə bu zamana qədər koronavirus 2 305 nəfərdə qeydə alınıb, 25 nəfər virus səbəbindən həyatını itirib.