Rusiyanın Moskva, Novosibirsk, Yekaterinburq və Xabarovsk şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.
HİT.Az Rusiya KİV-inə istinadən xəbər verir ki, Moskvadakı icazəsiz etiraz aksiyası başa çatıb. Paytaxt polisinin məlumatına görə, aksiyada 2 minə yaxın insan iştirak edib. Moskva İctimai Müşahidə Komissiyası 150-yə yaxın şəxsin saxlanıldığını bildirib.
Yekaterinburqda mitinqə 2 minədək insan toplaşıb. Polis səsgücləndiricilər vasitəsilə ictimai asayişi qorumağa çağırır.
Rəsmi mənbələr bildirir ki, Novosibirskdə isə 500-dək insan aksiyaya qoşulub.
Xatırladaq ki, bənzər aksiyalar yanvarın 23-də də keçirilmişdi. Etirazçılar müxalifətçi Aleksey Navalnının həbsinə etiraz olaraq meydanlara çıxmışdılar.
Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu insanları bu gün icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb.