ABŞ Silahlı Qüvvələrinin Strateji komandanlığının başçısı, admiral Çarlz Riçard Rusiya və ya Çinlə nüvə müharibəsinin mümkünlüyü haqda danışıb.
Xarici KİV xəbər verir ki, admiral bu haqda ABŞ Hərbi Dəniz İnstitutunun rəsmi nəşri üçün yazdığı məqalədə bildirir.
Onun sözlərinə görə, SSRİ-nin dağılmasından bu yana Pentaqon nüvə nəhəngi ilə birbaşa hərbi toqquşma imkanlarını nəzərdən keçirməyə ehtiyac görmürdü, amma hazırda situasiya dəyişib.
“Real imkan mövcuddur ki, əgər onların mövqeyinə görə adi silah növlərinin tətbiq edilməsi ilə endirilən zərbələr siyasi düzənə və ya dövlətə təhdid yaradarsa Rusiya və ya Çinlə regional böhran sürətlə nüvə silahından istifadə olunmaqla münaqişəyə çevrilsin”,-admiral Riçard yazır. O, əlavə edir ki, Vaşinqton ehtimal olunan rəqiblər tərəfindən nüvə silahının istifadəsi imkanlarını istisna etməməlidir.
Admiral ABŞ-ın başının terrorçuluqla mübarizəyə qarışdığı bir vaxtda Rusiya və Çinin “aqressiv siyasət” aparmağa başladığını qeyd edir. Onun fikrincə, həmin ölkələr beynəlxalq normalara güc vasitələrindən istifadə etməklə soyuq müharibə dövründən bu yana görünməmiş miqyasda təhdidlər yaradır. Çarlz Riçard belə hərəkətlərin cavabsız qalmamalı olduğunu bildirir.
Riçard qeyd edir ki, ABŞ başqa ölkələrin təcavüzlərini cilovlamaq üçün “fəal rəqabət” aparmalıdır. “Onların təşəbbüslərinə güzəştə gedəndə biz Birləşmiş Ştatların acizliyi, və ya cavab vermək istəmədiyi barədə onlarda yaranan təsəvvürləri möhkəmləndirmiş oluruq. Onlar hesab edərlər ki, daha Birləşmiş Ştatlara məhəl qoymağa dəyməz”,-komandan yazır.
Admiral Çarlz Riçardın məqaləsinə Rusiyadan Federasiya Şurasının üzvü Aleksey Puşkov reaksiya verərək bildirib ki, Pentaqonda nüvə müharibəsinin nə olduğunu sonadək başa düşmürlər. “Yaxşı olardı ki, ABŞ-ın adi silahlardan istifadə etməklə nüvə müharibəsini necə törədə biləcəyi haqda deyil, nüvə münaqişəsinə necə yol verməmək barədə düşünsünlər”,-o, bildirib.
Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbərinin müavini Vladimir Cabarov isə hesab edir ki, ABŞ-dan belə bəyanatların səslənməsi təəcüblüdür. Çünki peşəkar hərbçilər hətta “qorxulu yuxularında belə” hadisələrin nüvə müharibəsinə qədər inkişaf edəcəyini təsəvvür etməyə qorxurlar.
ABŞ müdafiə nazirinin köməkçisi Con Kirbi isə jurnalistlər qarşısında çıxışı zamanı Rusiya və ya Çinlə nüvə müharibəsinin mümkünlüyü haqda deyilənlərə münasibət bildirib. Kirbi deyib ki, Pentaqonda Rusiya və ya Çinlə hərbi münaqişəyə can atmırlar, xüsusən də nüvə müharibəsinə.
“Müdafiə naziri Lloyd Ostin Amerikanın nüvə qüvvələrinin modernizasiyasını prioritet hesab edir, amma ABŞ münaqişənin bu miqyasa gəlib çatmasını arzulamır...Lakin Müdafiə Nazirliyinin vəzifəsi Amerika vətəndaşlarını müdafiə etməkdir ki, strateji nüvə potensialının modernizasiyası da bura daxildir”,-Pentaqon rəsmisi bildirib.