Araşdırmalar göstərir ki, virusa qalib gəlmək yetərli olmaya bilər. Xüsusilə baş ağrısı, insult, unutqanlıq, Altsheymer, demensiya riski və xroniki yorğunluq koronavirusun özündən sonra səhhətimizdə yarada biləcəyi ciddi fəsadlardır. Araşdırmalar göstərir ki, xəstələrin 80 faizində nevroloji təsirlər meydana çıxır.
Cerrahpaşa Tibb Fakültəsinin nevroloqu, professor Derya Uludüz COVID-19-un beyinə təsiri barədə vacib detalları açıqlayıb. O bildirib ki, dünya miqyasında təxminən 40 min koronavirus xəstəsi üzərində aparılan araşdırmanın nəticələri 2022-ci ildə təqdim olunacaq:
“Hazırkı nəticələr onu göstərir ki, koronavirus beyinə də fəsadlar verə bilir. Hətta heç bir xəstəlik əlamətləri olmayan, ancaq testin cavabı pozitiv çıxan xəstələrdə edilən MRT görüntülərində beyin damarlarında zədələnmə və iltihabın inkişaf etdiyi görülüb.
Baş ağrısı, qoxu və dadbilmə qabiliyyətinin itməsi COVID-19-un əsas əlamətlərindəndir. Ancaq bu əlamətlərlə yanaşı, zehni pozğunluğun olması virusun beyin üzərində təsiri olduğuna dair önəmli ipucudur. Əgər sizdə bu əlamətlər varsa, demək ki, risk altındasınız.
Zehni yorğunluq, nitqin pisləşməsi elektromaqnit şüalanma və ya elektromaqnit radiotezlik dalğalarına sıx məruz qalma, gərgin iş, yuxusuzluq, B və D vitamini çatışmazlığı kimi səbəblərdən də qaynaqlana bilər.
Ağır infeksiya ilə mübarizə apararkən virus beynimizə hücum edir və zədələnmiş sinir hüceyrələri yalan mesajlar verməyə başlayır. Əlbəttə ki, beyindəki bu ziyan Altsheymer və demensiya kimi müxtəlif sinir xəstəliklərinə də yol açır”.
Professorun sözlərinə görə, xüsusilə ağır COVID-19 xəstələrinin immun sistemi virusla mübarizədə çox səy göstərir.
Bu müddətdə beyni necə qoruya bilərsiniz?
Həftənin 2 günü balıq yeməyə çalışın. Balıq yeyə bilmirsinizsə, Omeqa-3 əlavələri qəbul edin.
Selenium tərkibli yumurta, kəpəkli qidalar, qatıq və günəbaxan toxumları yeyin. Selenium beyin üçün vacib mineraldır və əhval-ruhiyyəyə təsir göstərir.
Selenium və Omeqa-3 ilə zəngin qoz-fındıq, badam kimi məhsullara üstünlük verin.
C vitamini ən vacib antioksidantlardan biridir. Bu dövrdə bədəndə saxlanmadığı üçün mütəmadi olaraq qəbul edin.
Qış aylarında olduğumuz üçün D vitamini səviyyəsini ölçün və ehtiyac olduqda əlavə olaraq qəbul edin.(Publika.az)