Ter-Petrosyan: “1997-ci ildə sülhə son dərəcə yaxın idik, Köçəryan imkan vermədi” - Detallar 

DÜNYA
20:44 / 11.02.2021
1587

Ermənistanın ikinci prezidenti, Xocalı soyqırımının iştirakçısı Robert Köçəryan yenidən böyük siyasətə qayıtdığını bəyan edib.

HİT.Az-ın Teleqraf.com-a istinadən məlumatına görə, o, bir neçə gün öncə "Sputnik Ermənistan”a verdiyi geniş müsahibə zamanı bildirib ki, insanlar populizm meyvələrini, rəngli inqilabların və təcrübəsiz insanların işlərinin nəticəsini dadıblar, indi kəfkir əks istiqamətə çevrilib və tamamilə fərqli tipajlara ehtiyac var.

R.Köçəryan, həmçinin qeyd edib ki, o, 2020-ci ildə Ermənistanda hakimiyyətdə olsaydı, Qarabağda heç bir eskalasiya baş verməzdi.

"Əgər mən hakimiyyətdə olsaydım, sadəcə əmin olardım ki, müharibə baş verməyəcək. Əgər olsaydı belə total mobilizasiya və resursların elə konsentrasiyası olardı ki, düşmən şübhəsiz dayanardı”, – deyə əli dinc azərbaycanlıların qanına batmış R.Köçəryan deyib.

Qeyd edək ki, R.Köçəryan 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub. O, bundan öncə (1994-1997-ci illərdə) qondarma "dqr” rejiminə başçılıq edib. Daha əvvəl isə R.Köçəryan Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) paytaxtı Xankəndi şəhərində Azərbaycan SSR Kommunist Partiyası və dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışıb. R.Köçəryan 1988-ci ilin fevralından başlayan Qarabağ hərəkatının liderlərindən biri olub. Hərəkatın üzvləri DQMV-nin Azərbaycan SSR-in tərkibindən çıxarılaraq Ermənistan SSR-in tərkibinə daxil edilməsi uğrunda mübarizə aparıblar. R.Köçəryan 1 mart 1988-ci ildə yaradılan "Krunk” ("Durna") ictimai-siyasi təşkilatının ideoloji seksiyasının başçısı olub. 1989-cu ildə onun rəhbərliyi altında "Miatsum” ("Birləşmək”) ictimai-siyasi təşkilatı yaradılıb. "Miatsum" qarşısına DQMV-nin Ermənistana birləşdirilməsi məqsədini qoyub. Əvvəlcə mitinqlər, nümayişlər şəklində keçən bu mübarizə az sonra silahlı münaqişə xarakteri alıb. R.Köçəryan bu silahlı münaqişədə bilavasitə iştirak edib. O, Qarabağ müdafiə komitəsinin sədri kimi dinc azərbaycanlıların qətlə yetirilməsi prosesinin icraçısıdır.

R.Köçəryan 1994-cü ildə münaqişənin qaynar fazası başa çatdıqdan sonra istər qondarma rejimə, istərsə də Ermənistana rəhbərlik edərkən Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına imkan verməyən hərbi-siyasi fiqur kimi tanınır. O, 16 yanvar 2003-cü il tarixində Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında çıxışı zamanı azərbaycanlıların və ermənilərin "etnik və genetik baxımdan uyğunsuz olmaları” ("ethnically, genetically incompatible”) kimi "obıknovennıy faşizm” tipində irqçi fikirlər söyləmiş və Qarabağdakı erməni əhalisinin Azərbaycan dövləti daxilində yaşamasının mümkün olmadığını açıqlamışdı. Bu hadisədən sonra – yanvarın 30-da Strasburqda çıxış edən Avropa Şurasının Baş katibi Valter Şvimmer R.Köçəryanın şərhinin müharibənin yenidən alovlandırılmasına bərabər olduğunu bildirmişdi. Avropa Şurası Parlament Assambleyasının prezidenti Peter Şider isə Köçəryanın sözünün səhv tərcümə olunduğuna ümid etdiyini söyləyərək "Avropa Şurasının yarandığı gündən bu yana "etnik uyğunsuzluq” ifadəsini eşitmədiyini" demişdi.

Həmin sessiyada Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sualına cavab verən R.Köçəryan demişdi: "Bəli, mən əslən Dağlıq Qarabağdanam. Bəli, mən döyüş əməliyyatlarında iştirak etdiyim və bu gün nail olduğumuz nəticələr üçün fəxr edirəm”.

Teleqraf.com R.Köçəryanın atəşkəsdən sonrakı dövrdə iki xalq arasında münasibətlərin yaxşılaşmasına imkan verməməsinin daha bir sübutu olaraq ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın fikirlərini təqdim edir. Qeyd edək ki, bu müsahibə 2011-ci il aprelin 15-də "BBC Rus xidməti”nə verilib. Müsahibədə L.Ter-Petrosyanın sonda dediyi sözlər, sadəcə heyrət doğurur. Belə ki, həmin fikirlər 10 il sonra olduğu kimi həyata keçdi. Beləliklə, müsahibənin artıq mövcud olmayan Qarabağ münaqişəsi ilə bağlı hissəsini təqdim edirik.

– Levon Akopoviç, siz Qarabağ uğrunda bu hərəkatı başladanda (1988-ci ildən başlayan Qarabağ hərəkatı nəzərdə tutulur. L.Ter-Petrosyan DQMV-nin Azərbaycanın yurisdiksiyasından çıxarılaraq Ermənistana verilməsini tələb edən "Qarabağ” komitəsinin üzvü olub-S.Həmid) bunun gələcəkdə nəyə gətirib çıxaracağını təsəvvür edirdinizmi?

– Yox, təsəvvür etmirdik. Çünki biz 1988-ci ildə başlayanda heç kimin düşüncəsində Sovet İttifaqının dağılacağı fikri yox idi. Biz nədən çıxış edirdik? Sovet İttifaqı var, sovet Konstitusiyası var. Sovet Konstitusiyası çərçivəsində bizə bu məsələni qaldırmaq imkanı verilmişdi. Qarabağı Azərbaycanın tərkibindən çıxarmaq və Ermənistanın tərkibinə vermək... Bu cür presedentlər olmuşdu. Qaraqalpaq (Qaraqalpaq Muxtar Sovet Sosialist Respublikası-S.Həmid) bir neçə dəfə Özbəkistandan Qazaxıstana keçmişdi, sonra yenə Özbəkistana qaytarılmışdı və sair. Krım Rusiyadan Ukraynaya keçmişdi və sair və ilaxır. Belə presedentlər var idi. Və bu problemi diqqətlə öyrənmək yerinə sovet rəhbərliyi tamamilə konfrontasion siyasət qəbul etdi və getdikcə daha çox bu münaqişənin alovlanması meydana gəldi. Onlar ordunu cəlb etdilər, fövqəladə vəziyyət rejimi, komendant saatı tətbiq etdilər və sair. Əlbəttə, bundan sonra proses radikallaşdı.

– Zəhmət olmasa deyin: tərəflər hansı anda hərtərəfli, tam çəkili sülh sazişi imzalamağa çox yaxın idilər?

– Mən düşünürəm ki, bu, 1997-ci ildir. 97-ci ildə problemi həll etmək üçün imkan var idi. Belə ki, hansısa əraziləri Azərbaycana qaytarmaq, barışıq əldə etmək, Qarabağa aralıq status vermək, sonra isə Qarabağın yekun statusu məsələsini həll etmək imkanları var idi.

– Bəs bu, niyə baş vermədi?

– Ona görə ki, qarabağlılar hesab etdilər ki, bu azdır. Yanaşma maksimalist idi. Onlar fikirləşirdilər ki, hələ bir qədər də dirənmək və daha çox əldə etmək olar. Təkcə qarabağlılar yox, burada, mənim ətrafımda, mənim komandamda da əminliklə bu fikirdə olan insanlar var idi. Onlar bu plana getmədilər. O zaman mən dedim: yaxşı, əgər siz daha uyğun həll yolu olduğunu düşünürsünüzsə, buyurun. Mən axı qərarı poza bilmərəm. Yoxlayın, bəlkə də alındı.

– Siz Ermənistanı növbəti 20 ildə necə görürsünüz? (müsahibə Ermənistanın müstəqilliyinin 20 illiyi ilə bağlı götürülüb. Sual da bununla bağlıdır-S.Həmid). Müxtəlif ssenarilər, fərz edək ki, pis ssenarilər, Azərbaycanla açıq siyasi qarşıdurma, yaxud durğunluq variantı...

– Yox, yox, yox. Mən optimistəm, optimist. Mən əminəm ki, yaxşı olacaq, əlbəttə, yaxşı olacaq. İndi bizim bir problemimiz var: bizdə təhrif olunmuş hakimiyyət var. Onu bərpa edin və hər şey öz yerini tutacaq. Azərbaycanla olan məsələlər də həllini tapacaq, Türkiyə ilə olan məsələlər də həll ediləcək. Əgər Ermənistan fəlakətli vəziyyətlə qarşılaşsa, günah bizim olacaq, yalnız bizim!

Beləliklə, üstündən 10 il ötdükdən sonra Levon Ter-Petrosyanın dediklərinin olduğu kimi həyata keçdiyi aydın olur. Üstəlik, bu gün Ermənistanda revanşist qüvvələri səfərbər etməyə çalışan R.Köçəryanın Azərbaycanla münaqişənin həm başlamasında mühüm rol oynadığı, həm 1994-2020-ci illərdə həllinə imkan vermədiyi, həm də bu gün erməni xalqının şüurunu zəhərləməyə, "beynini yumağa" çalışdığı bir daha öz əksini tapır. Zənnimizcə, erməni xalqının R.Köçəryanın yenidən böyük siyasətə qayıdışının onlara hansı fəlakətlər gətirəcəyi barədə düşünməsi faydalı olar.

0