1600-a yaxın erməni hərbi qulluqçusu hələ də itkin düşmüş hesab edilir.
Bu haqda Ermənistanın hərbi qulluqçuların sığortalanması Fondunun direktoru Varujan Avetikyan keçirdiyi mətbuat konfransında bildirib.
"İlkin məlumatlara görə itkin düşmüş hesab edilənlərin sayı 1600-a yaxındır, onların sayı əsirlikdən qayıdanlara və meyitlərin identifikasiyasına görə azalır. İdentifikasiyadan sonra itkin düşənlərin adları kompensasiyanın ayrılması üçün Fondun siyahısına keçirilir”,-o deyib.
İndiyədək hərbi əməliyyatlar bölgəsindən 1500-ə yaxın erməni hərbi qulluqçusunun meyitləri tapılıb. Ermənistan Səhiyyə Nazirliyi bu günlərdə açıqlayıb ki, cəmi 3200-ə yaxın hərbçinin meyiti identifikasiya edilib və dəfn olunub. Qarabağdakı qondarma rejim isə bu ərazilərdə 2 minə yaxın meyit basdırıb. Beləliklə, 44 günlük Qarabağ müharibəsində düşmənin ümumi itkilərinin sayı 8 mini keçir.