Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar Bitlis şəhərinin Tatvan rayonunda baş verən helikopter qəzası ilə bağlı açıqlama verib.
“Haber Global” məlumat verir ki, o, Baş qərargah rəisi general Yaşar Gülər və Quru Qoşunları komandiri, general Ümid Dündar ilə birlikdə Elazığdakı 8-ci Korpus Komandirliyinə gəlib.
Akar bildirib ki, ilkin məlumata görə, Bingöldən saat 13:55-də Tatvana doğru istiqamətlənən Quru Qoşunları Komandanlığına məxsus “Cougar” tipli helikopter hava şərtləri səbəbiylə qəzaya uğrayıb.
“Araşdırmalar bu gün başlayacaq. Hadisənin dəqiq səbəbi ətraflı araşdırma nəticəsində müəyyən ediləcək. Şəhidlərimizin və yaralananların evakuasiyasında bütün vasitələri səfərbər edərək qısa müddət ərzində aidiyyəti dövlət qurumları və təşkilatlar tərəfindən hər cür dəstək verilib. Dərdimiz böyükdür, millət olaraq dərin kədər içindəyik”.
Türkiyəli nazir qəzada həyatını itirən yaralılara şəfa, hərbçilərə rəhmət diləyib, yaxınlarına, millətə başsağlığı verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM sədri Mustafa Şəntop, CHP lideri Kamal Kılıçdaroğlu, Prezidentin Mətbuat katibi İbrahim Kalın, Rabitə naziri Fəxrəddin Altun, AK Partiya Mətbuat spikeri Ömer Çelik, MHP lideri Dövlət Bahçeli, İYİ Partiya Başçısı Meral Akşener və Səadət Partiyası lideri Təməl Karamollaoğlu başsağlığı mesajları paylaşıblar.
Xatırladaq ki, Türkiyənin Tatvan rayonunun Çəkməcə kəndi yaxınlığında, günorta saatlarında ölkənin silahlı qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 11 hərbçi həlak olub. Qeyd edək ki, qəzada həlak olanlar arasında Türkiyə Quru Qoşunlarının 8-ci korpusunun komandanı, general Osman Erbaş da olub. Yaralanan iki hərbçi xəstəxanada müalicə olunur.