Martın 7-də başlayaraq Ukrayna ordusu ilə “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı qondarma “respublikalar”ın silahlı birləşmələri arasında şiddətli mövqe döyüşləri davam edir.
Son məlumatlarda bildirilir ki, Ukrayna təxminən 90 minlik canlı qüvvəni separatçı vilayətlərlə təmas xətti boyu cəmləşdirib. O cümlədən 450-dən çox tank və 2 minə qədər zirehli texnika, bir o qədər də artilleriya və reaktiv yaylım atəşi sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib. Separatçıların qüvvələri isə bundan üç dəfə azdır, üstəlik texnikaları nasazdır, etibarlı hava hücumundan müdafiə sistemləri yoxdur.
Ukrayna ordusunun arsenalında isə Qarabağ müharibəsində uğurla tətbiq edilən “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri də var. Hərbi ekspertlər hesab edir ki, separatçıların Qarabağdan fərqli olaraq 44 gün müqavimət göstərmək imkanında deyillər.
Ukrayna ordusunun müharibə hazırlıqlarının NATO quru qoşunlarının komandanı, general Rocer Klutyenin səfəri ilə eyni zamana təsadüf etməsi həm Moskvada, həm separatçı bölgədə narahatlıqla qarşılanıb.
NATO generalı ilə mətbuat konfransı keçirən Ukrayna quru qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sirskiy isə bu narahatlığı daha da artırıb. O deyib ki, 2015-ci ildən bu yana NATO 16 minə yaxın ukraynalı hərbçini şəhər döyüşləri üçün hazırlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat sözçüsü Mariya Zaxarova Donbasdakı vəziyyətin gərginləşməsi səbəbindən Ukraynaya xəbərdar edib. Zaxarova Kiyevi Minsk razılaşması çərçivəsində hərəkət etməyə çağırıb.
Rusiya Krımın “işğaldan azad edilməsi” strategiyasını yeniləməsini Rusiya Federasiyasının iki subyektinə qarşı təcavüz təhdidi kimi qəbul edir. Bunu Moskvadakı diplomatik mənbə deyib. Xarici İşlər Nazirliyi istənilən hərbi hərəkətlənməni "Rusiya Federasiyasının ərazi bütövlüyünə təcavüz" kimi qiymətləndirəcəyini bəyan edib.
Yada salaq ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib ki, ölkəsi Krım Muxtar Respublikası və Sevastopol şəhərinin müvəqqəti işğal olunmuş ərazilər hesab edir və "işğala son qoymaq üçün" müttəfiqləri ilə hər cür səy göstərir.
Minsk razılaşması çərçivəsində ötən həftə keçirilən danışıqlarda Ukrayna təkid edib ki, Rusiya ölkənin cənub-şərqindəki münaqişədə tərəf kimi tanınmalıdır. Rusiya isə Kiyevin “DXR” və “LXR” liderləri ilə danışıqlar aparmalı olduqları iddia edir. Ukrayna daxili işlər nazirinin müavini Valeri Posteluyko bildirib ki, ruslar Ukraynaya hərbi hücum etsə, bu, Rusiyaya sarsıdıcı zərbə olacaq. O əlavə edib ki, Rusiya aviasiya ilə hücum edərsə, Kiyevə Qərbdən də dəstək olacaq və Ukrayna hərbi təcavüzə tutarlı cavab verə biləcək. NATO-nun quru qoşunları komandanın vəziyyətin müharibə həddinədək gərginləşdiyi vaxtda Kiyevə gəlməsi Ukraynanın boşuna bu cür bəyanat vermədiyini təsdiq edir.
Separatçı “respublikaların” təhlükəyə qarşı birləşmək təklifinə gəlincə, “DXR” “lideri” Denis Puşilin bunun mümkünsüz olduğunu deyib. Onun sözlərinə görə, Minsk sənədində “DXR” və “LXR” ayrı-ayrı “respublikalar” kimi tanınıb və bu səbəbdən birləşmək mümkün deyil. Onun fikrincə, birləşmə halında Donbasın danışıqlar prosesindəki təmsilçiliyi olmayacaq. O, iddia edib ki, “respublikaları” eyni ideologiya birləşdirsə də, qanunları, iqtisadiyyat və sənayesi fərqlidir.
Puşilinə görə, Kiyev Minsk razılaşmasını “ölü sənəd” adlandırır, lakin danışıqlarda hələ də qalır. Puşilinin fikrincə, Ukraynanın bu davranışı Rusiyaya qarşı siyasi təzyiq və sanksiyaların bir elementidir.
Bəzi ekspertlər isə hesab edirlər ki, Rusiya regiona sülhməramlı qüvvələr yeritmək üçün Donbasda təxribatlar hazırlayır. Donbasda isə iddia edirlər ki, bu informasiyalar Ukrayna ordusunun tezliklə başlayacaq hücumuna haqq qazandırmaq üçündür.
Rusiyanın da qoşulacağı müharibə haqda isə Ukrayna siyasətçiləri pessimist əhvaldadır. Onlar müharibə olacağı təqdirdə ölkənin bəzi əraziləri itirəcəyi təhlükəsi haqda xəbərdarlıq ediblər. Bunlar həm ənənəvi olaraq Rusiya ilə münasibətlərə bağlı olan şərq bölgələri, həm də rumın və macar icmalarının üstünlük təşkil etdiyi qərb bölgələrinin bir hissəsi də ola bilər.
Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Aleksandr Şerin bildirib ki, ola bilsin, Kiyev Dağlıq Qarabağ ssenarisini təkrar etmək istəyir:
“Əgər tammiqyaslı hərbi qarşıdurma başlasa, döyüş əməliyyatlarını dayandırmaq çətin olacaq. Qoşunlar hər tərəfdən hücum edəcək. İş o yerə gəlib çata bilər ki, Rostov sərhədlərində Amerika hərbçiləri də peyda ola bilər”,- deyə o bildirib.
Dövlət Dumasının üzvü bildirib ki, belə vəziyyətdə Donetsk və Luqansk qabaqlayıcı addım ataraq hücuma keçməlidir. Rusiya isə bu “respublikaları” tanımalıdır. “Mənə aydın deyil ki, Rusiya nəyə görə bu respublikaları rəsmən tanımır. Bir çoxları deyir ki, bu halda Rusiyaya pis yanaşacaqlar. Onsuz da indi beynəlxalq arenada situasiya Rusiya üçün yaxşı deyil”,- deyə o söyləyib.
Separatçı bölgədə olan kp.ru-nun məşhur reportyoru Darya Aslamova isə yazır ki, hər iki tərəfdə məşhur sovet filmi “Sabah müharibə oldu” əhvalı var. O yazır ki, separatçılar Ukraynanın bu plan üzərində hücum edəcəyini düşünürlər: “Ukrayna ildırım sürətli planla “DXR” və “LXR”-in Rusiya ilə əlaqələrini kəsmək üçün Donbass ərazisini eyni vaxtda üç istiqamətdə hücumu planlaşdırır. İlk zərbəni cənub istiqamətindən Mariupoldan Novoazovska vurulmalıdır. Ən çoxu bir saata onlar sərhəddə çatacaqlar. Bundan əlavə, Novoazovskdan Uspenkaya bir dəhliz açılır.
Beləliklə, Donetsklə əlaqəmiz kəsilir. Aleksandrovka kəndi ərazisindən ikinci zərbə vurulur və beləliklə, orduları Snejnoyeyə çıxış əldə edirlər. Üçüncüsü zərbə Debaltseve və Qorlovka arasında tətbiq olunur və bununla LXR-lə əlaqə kəsilir. Ukrayna ordusu şəhərlərə girilməyəcək. Respublikaların Rusiya ilə əlaqələrini kəsərək sərhədi nəzarətə götürərək, bizi mühasirəyə alacaqlar və sonra sakitcə işlərini bitirəcəklər”.