Paşinyanı qoruyan qalmaqallı sirr açılır: Erməni diasporunun 30 milyon dolları necə yoxa çıxdı

DÜNYA
09:26 / 13.03.2021
2290

Ermənistanda hakimiyyət dəyişməyəcək və baş nazir Nikol Paşinyan hələ uzun müddət bu barbar ölkəni istədiyi kimi idarə edəcək; Erməni biznesmenlərin çevrilişi maliyyələşdirmək üçün göndərdiyi paranın bir neçə siyasi liderlər arasında bölüşdürüldüyü iddia olunur...
Ermənistanda kütləvi etiraz aksiyaları artıq beşinci aydır ki, davam edir. Bu aksiyaları təşkil edənlərin isə yeganə hədəfi var. Baş nazir Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq niyyətindədirlər.

Əslində, bunun üçün əllərində yetərincə tutarlı səbəblər də mövcuddur. Baş nazir Nikol Paşinyan Ermənistanı Azərbaycanla müharibədən məğlubiyyətsiz çıxara bilməyib. Əksinə, onun rəhbərlik etdiyi Ermənistan biabırçı məğlubiyyətə uğrayıb. 30 il işğal altında saxladığı ərazilərə nəzarəti həmişəlik itirib. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll olunub.

Bütün bu sadalananlar baş nazir Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılması niyyətlərinə haqq qazandırır. Hər halda, baş nazir Nikol Paşinyan Ermənistan tarixinin ən "qara səhifə"sinin "baş qəhrəman"ıdır. Və yəqin ki, bütün həyatı boyu bu "qara səhifə"ni ona tez-tez xatırladacaqlar.

Ermənistan normal ölkə olsaydı, N.Paşinyan belə siyasi xarakteristika ilə artıq çoxdan baş nazir postunu tərk etmiş olmalıydı. Yəni, ya özü istefa verərdi, ya da onu buna məcbur edərdilər.

Ancaq göründüyü kimi, Ermənistan normal ölkələr sırasından çox uzaqdır. Üstəlik, erməni baş nazir özü də istefa vermir. Onu hakimiyyətdən kənarlaşdırmaq istəyənlərsə, buna nail ola bilmirlər.

Əksinə, baş nazir Nikol Paşinyan bütün siyasi-ictimai təzyiqlərə baxmayaraq, hakimiyyətini daha da möhkəmləndirməyə başlayıb. Üstəlik, son vaxtlar öz revanşist siyasi rəqiblərini küncə sıxışdırmaq imkanları da qazanıb. Böyük ehtimalla o, artıq siyasi rəqibləri qarşısında üstünlüyü ələ keçirmək üzrə olduğunu da hiss etmiş olmalıdır.

Məsələ ondadır ki, onun əleyhinə təşkil edilən "istefa aksiyaları"nın iştirakçıları hər ötən gün daha da seyrəlir. Son aksiyalarda erməni müxalifətinin baş nazirlə əsas mübarizə poliqonuna çevrilən paytaxt İrəvanın Baqramyan küçəsinə toplaşanların sayının 2-3 mini keçmədiyi bildirilir. Və bir müddət sonra erməni baş nazirin istefasını tələb etmək üçün artıq heç kimin küçələrə çıxmayacağı da ehtimal olunur.

Halbuki Qarabağ klanının avanqard rolunu oynadığı revanşist müxalif siyasi qüvvələr bütün imkanlardan istifadə etdilər. Hətta Ermənistan ordusunu belə, dolayısı da olsa, bu prosesə bulaşdıra bildilər.

Ancaq yenə də olmadı. Baş nazir Nikol Paşinyan hərbi çevriliş təhlükəsindən də yayına bildi. Ardınca Ermənistan ordusunu parçaladı və bir hissəsini öz tərəfinə çəkməyə nail oldu. Üstəlik, qiyamçı erməni generalitetinin lideri, keçmiş baş qərargah rəisi Onik Qasparyanı oyundan kənar vəziyyətə saldı.

Halbuki baş nazir Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılması prosesinə hətta xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporunun müəyyən hissəsi də dəstək verirdi. Hətta Paşinyan hakimiyyətindən narazı olan bəzi erməni biznes dairələri çevrilişə nail olmaq üçün 30 milyon dollarlıq büdcə də ayırmışdılar.

Bütün bunları nəzərə aldıqda, baş nazir Nikol Paşinyanın hələ də hakimiyyətdə qalıb, öz siyasi rəqiblərini ələ salarcasına meydan oxuya bilməsi istər-istəməz həm maraq, həm də təəccüb doğurur. Yəni, bu adam bir belə təzyiqlərin qarşısında necə duruş gətirə bilir?

Əlbəttə, onun ABŞ və Qərbdən aldığı dəstək önəmli faktordur. Ancaq Ermənistan şəraitində Ağ Evin siyasi bəyanatlarla məhdudlaşan dəstəyi həlledici ola bilməzdi. Üstəlik, Ermənistan kimi, kiçik və qeyri-sabit ölkədə bir baş nazirin devrilməsi üçün 30 milyon dollar həddindən artıq böyük məbləğdir. Bu məbləğlə Ermənistanda bir deyil, 4-5 baş nazir devirmək olardı.

Ancaq göründüyü kimi, olmadı. Erməni baş nazirin devrilməsi üçün 30 milyon dollarlıq büdcə də yetmədi. Əsas məsələ də elə məhz bu məqamla bağlıdır.

Revanşist siyasi qüvvələrin uğursuzluğunun arxasında gizlənən səbəblər artıq ortaya çıxmağa başlayıb. Və bu səbəblər Ermənistan cəmiyyətində böyük siyasi-ictimai qalmaqal yarada biləcək qədər biabırçı məzmun daşıyır.

Rusiyadakı erməni diasporuna yaxın mənbələrin məyusluqla dilə gətirdikləri iddialara görə, baş nazir Nikol Paşinyanın devrilməsinə ayrılan 30 milyon dollar revanşist siyasi qüvvələrə çatdırılıb. Ancaq tezliklə məlum olub ki, göndərilən məbləğ artıq yoxdur.

Halbuki həmin məbləğ kütləvi etiraz aksiyalarının çevriliş üçün yetərli səviyyəyə çatdırılmasına xərclənməliydi. Çevriliş ssenarisinin reallaşdırılmasına yönəlik ehtiyaclar qarşılanmalıydı.

Çevriliş ssenarisinin icraçıları isə demək olar ki, hər hansı xərcə ehtiyac duymayıblar. Yalnız mitinqlərin keçirildiyi meydanda 200 nəfərin gecələməsi üçün bir neçə çadır qurmaqla, kifayətləniblər. Və indi erməni baş nazirin devrilməsi məqsədilə aksiyaların davam etdirilməsinə maliyyə qaynağının olmadığı bildirilir.

Rusiya mətbuatına da sızan məlumatlara görə, erməni diasporunun göndərdiyi 30 milyon dollar kütləvi etiraz aksiyalarının təşkilatçıları tərəfindən bölüşdürülüb. Onların hər birisi məsuliyyət daşıdıqları işlərə yetəcək qədər maliyyə vəsaiti alıblar, ancaq xərcləməyərək, bütün məbləği sözün əsl mənasında, mənimsəyiblər.

Ona görə də, Qarabağ klanı Ermənistan ordusunun çevriliş ssenarisinə bulaşdırılması üçün əlindən gələn hər şeyi edirdi. Çünki, ordu siyasi proseslərə birbaşa müdaxilə etsəydi, onların 30 milyon dolları öz aralarında bölüşdürülməsi ilə bağlı sirri qoruyub, saxlamaq mümkün ola bilərdi.

Ancaq bu da baş tutmadı. Erməni generaliteti istefa tələbi irəli sürdükdən sonra hadisələrə birbaşa müdaxilə cəsarəti göstərmədi, prosesləri sadəcə, kənardan izləməklə kifayətləndi.

İndisə, revanşist siyasi qüvvələr olduqca çıxılmaz duruma düşüblər. Baş nazir Nikol Paşinyanın devrilməsi üçün əlverişli məqam əldən buraxılıb. Revanşistlərə dəstək verən sosial təbəqələr aksiyalardan bezib, meydan və küçələrdən çəkilməyə başlayıb. İndi onları yenidən aksiyalara cəlb edib, çevriliş ssenarisinin icrasına cəhd göstərmək demək olar ki, mənasız məşğuliyyət olardı.

Bu səbəbdən də, revanşist siyasi qüvvələr hazırda əslində, öz liderlərinin para düşkünlüyü ucbatından məğlub olduqlarını anlayırlar. Ona görə də, indi aksiyaların təşkilatçılarının əsas hədəfi demək olar ki, baş nazir Nikol Paşinyanı devirmək deyil. Hazırda onları heç olmasa, 2-3 minlik aksiyaların davam etmə müddətini mümkün qədər uzatmağın yolları daha çox düşündürür. Bu halda, 30 milyon dolların bölüşdürülməsi ilə bağlı biabırçılığın üstünü örtə biləcəklərinə ümid bəsləyirlər.

Beləliklə aydın olur ki, erməni diasporu müxalifət düşərgəsi tərəfindən növbəti dəfə aldadılıb. Əslində, MDB məkanındakı erməni diasporu bundan məyus olsa da, ciddi hay-küy salacağı gözlənilmir. Çünki belə aldadılmalara artıq vərdişlidir. 44 günlük savaş dövründə də erməni diasporu Ermənistan ordusuna külli miqdarda yardım göndərmişdi. Sonradan məlum olmuşdu ki, həmin yardımlar ümumiyyətlə, ölkə ərazisində yoxa çıxıb. Və hələ də bunu kimlərin etdiyi dəqiq məlum deyil.

Bütün bunlar onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verməyəcək. Baş nazir Nikol Paşinyan hələ uzun müddət bu barbar ölkəni istədiyi kimi idarə edəcək. Revanşistlər isə siyasətdən biznes vasitəsi kimi istifadəyə davam edəcəklər.

Düzdür, onların bəzi rəhbərləri üçün "qara günlər" də başlaya bilər. Hər halda, baş nazir Nikol Paşinyan onların əksəriyyətinə qarşı cinayət işlərinin açılmasına artıq nail olub. Müxtəlif maddələrlə ittiham olunan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan, eləcə də, baş nazir postuna iddia edən Vazgen Manukyan, qiyamçı general Onik Qasparyan və daha bir neçə çevriliş təşkilatçısı "dəmir barmaqlıqlar" arxasında qala bilərlər. Və bu, erməni baş nazirin öz siyasi rəqiblərindən intiqam almaq niyyətində olduğunu göstərir.

Mənbə: Musavat.com

0