Bu, Ermənistan dövlətçiliyinin sonu ola bilər - Petrosyan

DÜNYA
12:01 / 16.03.2021
1289

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan İkinci Qarabağ savaşındakı məğlubiyyətdən sonra ölkədə yaranmış siyasi böhrandan çıxış yolu kimi Baş nazir Nikol Paşinyanın istefa verərək bir müddət xaricdə yaşamasını təklif edib. 

HİT.Az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Petrosyan bildirib ki, Ermənistan parlamenti istefadan sonra Paşinyanın toxunulmazlığının təmin olunması barədə qərar verməlidir.

Keçmiş prezident müxalifət lideri Vazgen Manukyanın irəli sürdüyü təkliflərə də toxunub:

"O, siyasi böhrandan çıxış üçün 3 variant təklif edib: 

a) Hərbi çevriliş; 
b) Vətəni Xilasetmə Hərəkatının təşkil etdiyi ictimai təzyiq nəticəsində Baş nazirin istefasına nail olmaq;
c) Paşinyan tərəfindən erkən seçkilərin keçirilməsinin yolverilməzliyi.

Birinci variant konstitusiyaya ziddir. Müxalifətin təzyiqlərinə baxmayaraq, bunu dərk edən ordu hərbi çevriliş variantını qətiyyətlə rədd etdi.

İkinci varianta gəlincə, Vətəni Xilasetmə Hərəkatı kütlənin dəstəyini ala bilmədi və daxili fikir ayrılığına görə tükənmiş duruma düşdü.

Üçüncü variantla isə razıyam. Hazırki Baş nazirin erkən seçkilər keçirməsi yolverilməzdir. Niyə? Çünki Baş nazir və onu dəstəkləyən siyasi qüvvə biabırçı məğlubiyyətə görə məsuliyyətdən yayınmaqla yanaşı, dövləti gücləndirməyi deyil, hakimiyyətlərini nəyin bahasına olursa olsun qorumağı düşünürlər.

Bu baxımdan, hakim qüvvə tərəfindən keçiriləcək erkən seçkilərdə inzibati resurslardan istifadə olunacağı barədə fikirlərlər razıyam. Bu halda seçki məntəqələri gərginlik ocağına çevrilə bilər. Beləliklə, biz Ermənistan tarixindəki ən biabırçı seçkilərin şahidi olacağıq. Bu isə Ermənistan dövlətçiliyinin sonu ola bilər.

Ona görə də həm dövlətin, həm də xalqın və şəxsən Baş nazirin mənafeyinə uyğun olan yeganə çıxış yolu onun dərhal və könüllü istefası, eyni zamanda, parlament tərəfindən toxunulmazlığına qanuni təminat verilməsidir.

Bu vəziyyətdə, Baş nazirin səlahiyyətləri ədalətli seçkilərin keçirilməsini təmin edə bilən bitərəf müavinlərdən birinə həvalə edilməlidir", - deyə Petrosyan bildirib.

VÜQAR

0