Fransa koronavirusa yoluxma sayının artması ilə əlaqədar paytaxt Paris daxil olmaqla, bir sıra bölgələrdə yenidən bir aylıq karantin tətbiq edəcək.
Bunu ölkənin baş naziri Jan Kasteks keçirdiyi mətbuat konfransında deyib.
O, yoluxmanın artmasının qarşısını almaq üçün tətbiq olunacaq qərarları açıqlayıb:
“Ölkənin Hauts de Frans, İl de Frans, Seyn Maritim və Alpes Maritims bölgələrində sabah gecə yarısından başlayaraq bir aylıq karantin tətbiq olunacaq.
Fransa artıq üçüncü dalğanın pəncəsindədir. Qərarlar yoluxmanın sürətlənməsi ilə əlaqədardır”.
Baş nazirin sözlərinə görə, vəziyyətin daha kəskin olduğu yerlərdə sərt məhdudiyyətlər tətbiq olunacaq:
“Bundan başqa, qapanacaq bölgələrdə zəruri ehtiyaclarla bağlı fəaliyyət göstərməyən bütün mağazalar bağlanacaq. Karantin bölgələrində küçəyə çıxmaq evin 10 kvadrat kilometrlik ətrafı ilə məhdudlaşacaq”.
O qeyd edib ki, bölgələrarası səyahətlər də zəruri vəziyyətlər istisna olmaqla, yasaqlanacaq.