Moskvada azərbaycanlının ölümündə təqsirləndirilən şəxslər bəraət aldı

DÜNYA
09:57 / 23.03.2021
1153

Moskva Şəhər Məhkəməsi 2019-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən “Neolit” ​​kafesindəki davadan sonra azərbaycanlı taksi sürücüsünün öldürülməsində təqsirli bilinən üç nəfər barəsində yekun qərar verib.

HİT.Az report-a istinadən xəbər verir ki, təqsirləndirilənlərdən birinin vəkili Şamil Yandarbayev “TASS”a verdiyi açıqlamada bildirib ki, hər üç şəxs Lors Hamyev, Həmid Cəbrayılov və Anzor Şahbiyev bəraət alıblar və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Digər şübhəli şəxsin vəkili Maqomed Esendirov bildirib ki, verilən qərara baxmayaraq cinayət işi yenidən ibtidai istintaqa qaytarılacaq.

Qeyd edək ki, 14 fevral 2019-cu il tarixində Moskvanın cənub-şərqindəki kafedə dava nəticəsində bir nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Daha sonra həmin şəxs azəbaycanlını qaçırılaraq döyülməsində şübhəli bilib və qisas almaq qərarına gəlib.

Həmin gecə naməlum şəxslər Moskvanın Səmərqənd bulvarında azərbaycanlı taksi sürücüsünü vuraraq öldürub və nömrəsi çirkli olan “BMW” avtomobili ilə hadisə yerindən qaçıblar.

Azərbaycanlının qətlində şübhəli bilinənlər bir gün sonra Rostov vilayətindəki magistral yolda tutularaq paytaxtın istintaq təcridxanasına göndəriliblər. Əvvəlcə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (Qətl törətmək) ilə cinayət işi açılsa da, sonradan onlara bir qrup şəxs tərəfindən etnik nifrət zəminində adam öldürmək və silahların qanunsuz əldə edilməsi, satışı, saxlanması, daşınması ittihamı irəli sürülüb.

Lors Hamyev 2007-ci ildə Çeçenistan prezidenti Ramzan Kadırovun qətlini hazırlamaqda şübhəli bilinərək saxlanılmışdı.

5