İrəvanın mərkəzində baş verən davada məmurların və güc strukturlarının yüksək rütbəli zabitlərinin oğulları bir-birini bıçaqlayıb.
Erməni mediasının xəbərinə görə, “Mikaelyan” tibb mərkəzinə bıçaqlanmış şəxsin gətirilməsindən sonra hərəkətə keçən polis onun paytaxt sakini 27 yaşlı Armen Movsisyan olduğunu dəqiqləşdirib. Hələlik həkimlər iki yaralını xilas etməyə çalışırlar. Əməliyyat tədbirləri nəticəsində 32 yaşlı Armen Mkrtçyan və 35 yaşlı Mkritiç Mkrtçyan saxlanılıb. Onların qardaş olduqları bildirilir. Qardaşlarla birgə A.Movsisyan və 36 yaşlı Artem Mkrtçyan 18 yaşlı Artur Sardaryan, David Tonapetyan, Tiqran Paronikanyan, 21 yaşlı Vaqe Paronikyan, Qarik Varosyan, Sarkis Nikoqosyan, Melo Kirakosyan və Nikolay Mamyanla mübahisə edib.
Hakimiyyət böhranının davam etdiyi Ermənistanda belə kütləvi dava o qədər də təəccüb doğurmur. Lakin davada məmur və yüksək çinli zabitlərin övladlarının iştirakı geniş səs-küyə səbəb olub. Hələlik məmur və zabitlərin adları açıqlanmır.