“Hadisə üfüqü teleskopu” (Event Horizon Telescope, EHT) layihəsinin iştirakçıları ilk dəfə olaraq M87 qalaktikasının mərkəzində ifrat massiv qara dəliyin hadisə üfüqünün ətrafındakı maqnit sahəsini ölçüblər.
Bu barədə Avropa Cənub Rəsədxanasının mətbuat xidməti “Astrophysical Journal Letters” elmi jurnalında dərc edilmiş məqaləyə istinadla məlumat yayıb.
Tədqiqatın müəlliflərindən biri, Boulder Kolorado Universitetinin professoru Ceyson Deksterin sözlərinə görə, aparılan müşahidələr, ilk dəfə olaraq, M87 qara dəliyinin kənarlarında maqnit sahələrinin çox güclü olduğunu göstərib. Bu maqnit sahələri o dərəcədə güclüdür ki, isti qazları qara dəlikdən kənara itələyir və onun cazibəsindən “qaçmağa” kömək edir. Çox az miqdarda qaz bu sahəni yarıb keçərək hadisə üfüqünə tərəf hərəkət edə bilər.
EHT layihəsi çərçivəsində dünyanın bir neçə ən həssas mikrodalğalı radiorəsədxana gücü birləşdirilib. Layihə 2009-cu ildə Ağ Yolun (Sgr A*) mərkəzindəki ifrat kütləli qara dəlikləri və Qız bürcündəki (M87*) M87 qalaktikasını müşahidə etmək üçün yaradılıb.
Bu layihədə astronomların mühüm nəticələrindən biri M87 qalaktikasındakı qara dəliyin “kölgəsi”nin fotoqrafiyasıdır. Alimlər bu obyektin ətrafındakı xüsusi regionu belə adlandırırlar. Orada işıq və maddənin artıq qaça bilmədiyi hadisə üfüqünün özünəməxsus “əksini” görmək mümkündür. Bu, ifrat massiv qara dəliyin mövcudluğunun ilkin birbaşa təsdiqlərindən biri olub (əvvəllər alimlər bu barədə əsasən dolayı əlamətlər əsasında mülahizə yürüdə biliblər). Lakin alimlər bu şəkli əldə etsələr də, hadisə üfüqünün qara sferasını əhatə edən xarakterik odlu halqanın və ayparanın yaranmasında hansı fiziki proseslərin iştirak etməsi barədə suala birmənalı cavab tapmayıblar.
Alimlər qara dəliklərin materiyanı necə udduğunu və bu prosesdə, akkresiya diskində yarandığı güman edilən maqnit sahələrinin hansı rol oynadığını hələ ki bilmirlər. O, toz və qazdan ibarət böyük halqa formasında olub, qara dəliyin ətrafında dolanır, onu “doyurur” və bu halda çox yüksək temperaturadək qızır.
Tədqiqatçıların bir qismi hesab edir ki, akkresiya diskinin qara dəlik tərəfindən qızdırılan və udulan zaman yaratdığı maqnit sahəsi onun aktivliyində vacib rol oynayır. Digərlərinin fikrincə isə bu proseslərdə təkcə maqnit sahəsi deyil, digər fiziki hadisələr də aparıcı rol oynayır.
EHT layihəsinin iştirakçıları bu hipotezi ilk dəfə olaraq yoxlayıblar. Onlar, Maykl Faradeyin XIX əsrdə kəşf etdiyi qanunauyğunluğa əsaslanaraq, M87* qara dəliyinin ətrafındakı maqnit sahələrini ölçüblər. Belə ki, güclü maqnit sahələri işıq dalğalarını qütbləşməyə məcbur edir. Buna əsasən, qara dəliyin “kölgəsi”ndə şüalanmanın nə dərəcədə qütbləşdiyini təyin etməklə hadisə üfüqünün kənarlarında maqnit sahələrinin gücünü ölçmək olar. Ona görə də astronomlar layihə iştirakçılarının – ayrı-ayrı rəsədxanaların topladıqları məlumatı təkrar təhlil edərək onları M87* “kölgəsinin” şəkli ilə tutuşdurublar. Məlum olub ki, “kölgədən” gələn mikrodalğalı şüanın mühüm hissəsi qütbləşib. Bunun nəticəsində alimlər hətta M87*-nin ətrafının özünəməxsus maqnit xəritəsini tərtib ediblər. Məlum olub ki, hadisə üfüqünün kənarlarında materiya cərəyanlarının hərəkətində maqnit sahələri həqiqətən mühüm rol oynayır.
Dekster və onun həmkarları ümid edirlər ki, EHT məlumatlarının gələcəkdə tədqiq olunması qara dəlik tullantılarının yaranmasına məhz maqnit sahələrinin necə təsir göstərdiyini dəqiqləşdirməyə kömək edəcək. Bu da öz növbəsində qalaktikaların, o cümlədən Ağ Yolun böyüməsinə qara dəliklərin təsirinin qiymətləndirilməsi baxımından çox önəmlidir.