Böyük Britaniyanın məşhur "The Guardian” qəzeti 1 aprellə bağlı oxucuları ilə zarafat etmək məqsədilə "2-ci Süveyş kanalı layihəsi: BMT yeni dəniz yolu alternativlərini araşdırır” başlıqlı xəbər yayımlayıb.
Sfera.az xəbər verir ki, "Ever Given” nəhəng konteyner gəmisinin saya oturaraq Süveyş kanalını bir həftə ərzində bağlamasından sonra bölgədə ikinci bir kanal alternativlərinin axtarışını özündə ehtiva edən zarafat məzmunlu xəbər qısa müddət ərzində dünya KİV-nin gündəminə düşüb.
Böyük oxucu kütləsinə sahib media orqanları tərəfindən "The Guardian” qəzetinə istinadla yayımlanan xəbərin qəzet tərəfindən 1 aprel zarafatı olması elanından sonra xəbəri dərc edən "BBC” telekanalının türk bölməsi oxucularından üzr istəyib.
Üzr mətnində belə qeyd olunur:
"Gün ərzində 1 aprel zarafatı olduğunu təsdiqləyən kimi dərhal xəbəri yayımdan qaldırdıq. Xəbərlərlə bağlı sosial şəbəkədəki paylaşımlarımızı sildik. "BBC Türkçe” dəqiq və qərəzsiz yayım prinsiplərinə sadiqdir. Bu səhv səbəbilə sosial şəbəkədəki oxucularımızdan və izləyicilərimizdən üzr istəyirik”.