Ukraynanın şərqində, Donbassda vəziyyət kritik olaraq qalır. Rusiya Ukrayna ilə sərhədə və Krım yarımadasına on minlərlə canlı qüvvə və çoxsaylı hərbi texnikadan ibarət böyük qüvvə cəmləşdirir. Ukrayna da öz ərazi bütövlüyünü təmin etmək üçün separatçı ərazilərə irimiqyaslı hücum əməliyyatlarına başlamağa hazırdır. Lakin münaqişə başlasa Rusiya böyük qüvvə ilə Ukraynanın içərilərinə doğru irəliləməyə, yeni ərazilər tutmağa cəhd göstərə bilər. ABŞ bunu nəzərə alaraq Ukraynaya tam dəstək vədi verib və situasiya get-gedə gərginləşir. Rusiya Ukraynanı qabaqlayaraq özü bu ölkənin ərazisinə hücuma keçməyi planlaşdırır.
Bəs Rusiyanın zərbələri hansı istiqamətlərdən endirilə bilər?
Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko yerli “Telegraf.com.ua” portalına müsahibəsində bu haqda danışıb.
“Ən çox ehtimal edilən istiqamətlər işğal edilmiş Donbass və Krımdır. Donbass istiqaməti hücum platsdarmı üçün Kreml üçün prioritetdir. Orada hələ SSRİ dövründə tətbiq edilən taktika istifadə edilə, separatçıların öz mövqeləri və ya mülki əhali atəşə tutula bilər, ardınca isə ssenari işə düşəcək-hər şeyə görə Ukraynanı ittiham edəcəklər və hücuma keçəcəklər”,-general deyib.
O qeyd edib ki, artıq bir aydan çoxdur Rusiya təbliğatçıları əhalini “aqressiv Ukraynanın ABŞ-ın yeni administrasiyasının dəstəyi ilə Donbassa hücum edəcəyinə” inandırmağa çalışır. Və onlar deyirlər ki, “bizimkiləri”, yəni Rusiya pasportları verilmiş Donbass sakinlərini xilas etmək lazımdır. “Ona görə də quraşdırılmış atışmadan sonra ruslar Donets və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxa bilərlər. Sonrası isə baxaq görək necə olacaq”,-Romanenko belə deyib.
Digər istiqamət isə generalın fikrincə, Krım olacaq. Çünki Rusiyanın məqsədi Krıma Ukraynadan suyun daxil olmasının yolunu açmaqdır. Həmin istiqamətdən Rusiya ordusu Xerson vilayətinə daxil ola və oradan su bəndinin qabağını aça bilər. Lakin general deyir ki, suyun dərhal Krıma axacağı illüziyadır, çünki Şimali Krım su kanalının infrastrukturu faktiki olaraq dağılıb. “Ona görə də müdaxilə baş versə belə kanalın təmirinə aylarla vaxt lazım ola bilər”,-o deyib.
General istisna etmir ki, Kremlin strateji vəzifələrindən biri Ukraynanın dənizə çıxışını kəsməkdir. Ona görə də Mariupol, Odessa mümkün hücum istiqamətlərindən biri ola bilər. O cümlədən Dnestryanı bölgədəki Rusiya bazasından da qüvvələrin yeridilməsi istisna deyil. (Virtualaz.org)