Malta hakimiyyəti ölkədə turizm sahəsini inkişaf etdirmək məqsədilə turistlərə 200 avro pul ödəyəcək.
Bu barədə "Reuters" agentliyi ölkənin Turizm Nazirliyinə istinadla xəbər yayıb. Nazir Kleyton Bartolo bildirib ki, Maltaya gələn əcnəbi turistlər bu pulu yalnız bir şərtlə ala biləcəklər: ölkədə ən az üç gün qalmaqla. Bunun üçün birbaşa yerli hotellərin vasitəsilə otaq bronlaşdırmaq tələb olunur. Bu şərtlərə əməl edənlərə beş ulduzlu hotellər 200, dörd ulduzlular 150, üç ulduzlular isə 100 avro ödəyəcəklər.
Malta arxipelaqındakı Qozo adasındakı hotellərdən nömrə götürənlərə ödənəcək vəsaitin məbləği isə 10 faiz artıq olacaq.
"Bu sxem beynəlxalq turizm bərpa olunan vaxt Malta hotelləri arasında rəqabətin gücləndirilməsi məqsədi daşıyır", - deyə nazir atdıqları addımın məramını açıqlayıb.
Malta hakimiyyəti ölkəyə 35 min turistin gələcəyini gözləyir.
"Reuters"in məlumatına görə, Avropa İttifaqında koronavirusdan ən yüksək vaksinasiya səviyyəsi Maltadadır. Bu ölkədə COVID-19-a yeni yoluxma halı kəskin şəkildə azalıb. Malta hökuməti gediş-gəlişi asanlaşdırmaq üçün Aİ-ni peyvənd pasportu tətbiq etməyə çağırıb.