Ermənistanda ölən hərbçiyə qarşı münasibət qalmaqal yaratdı

DÜNYA
14:30 / 19.04.2021
1276

Hadrut döyüşləri zamanı öldüyü iddia olunan erməni hərbçi Robert Karapetyana medalı taksi sürücüsü təqdim edib.

“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə özünü Karapetyanın xalası kimi təqdim edən Hasmik Martirosyan öz feysbuk hesabında açıqlama verib. O qeyd edib ki, hərbçiyə təltif olunan medalı bir taksi sürücüsü şəhərdə görüşərək ailəsinə təqdim edib. 

“Başa düşürsünüz ki, bu şəkildə verilən təltifnamə minnətdarlıq deyil, bir ailənin üzünə atılan mərhəmət kimidir? Başa düşürsünüz ki, bununla siz ailənin ölən övladının xatirəsini anmırsınız, insanların kədərini təhqir edirsiniz? Mən bilmirəm, siz bunu necə başa düşürsünüz?!”,- deyə Martirosyan qeyd edib.

Hadisə sosial şəbəkələrin erməni seqmentində böyük ajiotaj yaradıb. Sosial şəbəkə istifadəçiləri Ermənistanda ölən hərbçilərə və ailələrinə qarşı artıq mütəmadi hal alan laqeydsizlikdən şikayətləniblər.

Xatırladaq ki, daha əvvəl Qarabağda döyüşlərdə ölən 20 yaşlı erməni əsgər Edqar Doluxanyanın valideynləri oğullarına verilən medalı qəbul etməmişdilər. Onlar medala və onun təqdim olunma qaydasına etiraz etmişdilər. Valideynlər qeyd ediblər ki, oğullarına verilən medal onlara Edqarın əsgər yoldaşı tərəfindən çatdırılıb.

0