Araik etiraf etdi: Ermənilərin böyük hissəsi köçüb

DÜNYA
14:26 / 28.04.2021
1580

Hələ oktyabrın əvvəlində müharibənin nəticəsi aydın idi, lakin Ermənistanda siyasi qüvvələr döyüş fəaliyyətlərinin tez bitməsiylə bağlı konsensus əldə edə bilmədilər.

Axar.az xəbər verir ki, bunu Qarabağdakı separatçıların lideri Araik Arutyunyan deyib.

O, həmin dövrdə Ermənistanda bir çox siyasi qüvvənin müharibənin dayandırılmasını satqınlıq hesab etdiyini bildirib.

Arutyunyana görə, müharibədə məğlubiyyətin əsas səbəbi Ermənistan rəhbərliyinin 1994-cü ildən sonra dünya təcrübəsindən dərs çıxara bilməməsidir.

O, həmçinin Ermənistan rəhbərliyinin zamanında ermənilərin böyük hissəsinin Qarabağdan getməsinə izn verdiyini ciddi səhv adlandırıb.

Qeyd edək ki, 1989-cu il məlumatına görə, keçmiş Dağlıq Qarabağ Muxtar Respublikasında 145,5 min erməni yaşayıb. 2020-ci ilin 27 sentyabrına qədər isə rəsmi rəqəmlərdə Ermənistan keçmiş Dağlıq Qarabağda 139 min erməninin yaşadığını iddia etsə də, real rəqəm 60 min idi.

44 günlük müharibə zamanı ermənilər Azərbaycan ərazilərini tam tərk etmişdilər. 14 noyabr 2020-ci ildən başlayaraq, rus sülhməramlıları ermənilərin Qarabağa daşınmasını və onların məskunlaşması üçün bütün tədbirləri həyata keçirməyə başladı. Rəsmi məlumata görə, Qarabağa 14 noyabrdan etibarən ümumilikdə 52.7 min erməni gətirilib.

Lakin gətirilənlərin bir qismi Ermənistan və Rusiyaya gedib. Hazırda Qarabağda 30 min civarında erməni yaşadığı bildirilir.

0