Ağdam işğal illəri ərzində erməni ordusu tərəfindən tamamilə Yer üzündən silinib. Şəhərdə məsciddən savayı salamat bina yoxdur. Məscid də ondan ötrü qalıb ki, ermənilər onu hərbi məqsədlər üçün istifadə ediblər.
HİT.az xəbər verir ki, hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bu fikri Azərbaycanın Ağdam şəhərinə səfərindən sonra AzərTAc-a müsahibəsində bildirib.
Rusiyalı ekspertin fikrincə, Ağdamın bərpasına sıfırdan, kommunikasiyaların, yolların salınmasından başlamaq lazımdır. İ.Korotçenko deyib: “Bu, çox böyük maliyyə vəsaiti və gərgin fəaliyyət illəri deməkdir. Qalanları bərpa etmək mümkün deyil. Dağıntıların miqyası Xirosima və Naqasaki ilə müqayisə edilə bilər. Yeni tarixdə belə vəhşiliyə dair göstəriləcək daha bir nümunə yoxdur. Çünki şəhər sadəcə məhv edilməyib, o, yerlə-yeksan edilib.
Ermənilərin basdırdıqları minaların düz üstündə bitən lalələr agentliyin həmsöhbətində böyük təəssürat yaradıb.
Ekspert deyib: “İkinci təəssürat – minalardır, hər tərəfi əhatə edən minalar. Ermənilərin basdırdıqları minalar üzərində al qırmızı lalələr bitir. Belə ölümcül gözəllik: sən bunu görə bilirsən, lakin yaxınlaşa bilmirsən. Bu, təbiətin gözəlliyi ilə ermənilərin öldürücü mirasının təzadıdır. Şəhərlərin məhv edilməsi kimi cinayətlərin bitmə müddəti yoxdur və bu işdə təqsiri olanları ömürlük məhkum etmək lazımdır. Bunun əfvi yoxdur. Bu, insanlığa qarşı cinayətdir. Ağdam müasir vəhşilərin şəhərləri hansı vəziyyətə salmalarının əyani nümunəsidir. Bunu hətta orta əsrlər dövrünün vəhşiliyi də adlandırmaq olmaz”.
İ.Korotçenko minalanmış sahələrin xəritəsinin mövcudluğuna əmindir. Ekspert vurğulayıb: “Ermənilər minalanmış sahələrin xəritəsini təqdim etmir, baxmayaraq ki, bu xəritə onlarda var. İş orasındadır ki, minalar zərərsizləşdirilməyənə qədər burada dinc həyatın qurulması mümkün deyil. Həm rusiyalı sülhməramlılar, həm ermənilər özləri, həm də azərbaycanlılar bu minalara düşürlər. Bu, indi bir nömrəli problemdir. Hesab edirəm ki, bu problemi BMT-nin Təhlükəsizlik Şurasının xüsusi iclasında həll etmək lazımdır. Zənnimcə, belə iclasın keçirilməsinə və müvafiq qətnamə qəbul edilməsinə təşəbbüs göstərmək lazımdır”.
İ.Korotçenko səfər çərçivəsində Bərdə şəhərində də olub. Bu şəhərin onda çox yaxşı təəssürat yaratdığını qeyd edən ekspert, eyni zamanda, İkinci Qarabağ müharibəsinin gedişində Bərdənin artilleriya atəşinə tutulmasını xatırladaraq əminliklə deyib: “Ermənilər bu şəhərə də taktiki raketləri atıblar. Hesab edirəm ki, Azərbaycanın dinc şəhərlərinə raket zərbələri endirilməsi ən ağır hərbi cinayətdir və təqsirkarlar hərbi tribunal tərəfindən cəzalandırılmalıdır. Dağlıq Qarabağ münaqişəsinin bütün tarixi ərzində - azərbaycanlıların qırğınından, Xocalı soyqırımından başlayaraq, ta müasir tarixədək baş verən cinayətlərdə əli olan erməni siyasətçiləri və hərbçiləri də hərbi tribunal qarşısına çıxmalıdır. Bir vaxtlar faşist ideologiyası Nürnberq prosesində mühakimə edildiyi kimi, Qaregin Njdenin də nasist ideologiyası mühakimə edilməlidir”.