Arvadı Beriyanın məşuqəsi olan qəhrəman pilot

DÜNYA
16:31 / 27.05.2021
1650

Onun hərbi karyerası uğurlu alınsa da, şəxsi həyatı bütün gələcəyinin üstündən qara xətt çəkib. Sinəsində qəhrəman ulduzu gəzdirən, sovet-alman müharibəsində şücaətləri dillərdə dolaşan Sergey Şirovun həyatı faciə ilə yekunlaşıb, o, ömrünün son illərini psixatriya xəstəxanasında keçirib.

1916-cı ildə Ukraynada, Zaporojye vilayətinin Akimovka qəsəbəsində anadan olan Sergey Şirov orta təhsilini başa vurduqdan sonra Myasnikov adına Ali Hərbi Aviasiya Məktəbində təhsil alıb.
Müharibə başlananda Şirov peşəkar hərbi təyyarəçi kimi Cənub cəbhəsinə göndərilib. İki il ərzində o, 340 döyüş uçuşu həyata keçirib, 21 düşmən təyyarəsini məhv edib. Şirovun adı dəfələrlə Dövlət Müdafiə Komitəsində, Baş Qərargahda nümunəvi və qorxmaz zabit kimi hallanıb. Ona Sovet İttifaqı Qəhrəmanı fəxri adının verilməsi də məhz birbaşa İosif Stalinin təşəbbüsü olub və o, “Stalinin şahinləri” siyahısında ön sıralarda yer alıb.

Müharibə dövründə Sergey Şirov həm də İosip Broz Titonun xilaskarı kimi yadda qalıb. O, dağlıq ərazidə xüsusi peşəkarlıq göstərərək Titonu faşistlərin mühasirəsindən xilas edib.

Müdafiə Nazirliyində Sergey Şirovun hərbi hava qüvvələrində yüksək vəzifəyə təyin olunması ilə bağlı müzakirələr də aparılıb. Marşal Georgi Jukov Şirovun hərbi potensialını yüksək qiymətləndirərək, ondan daha səmərəli istifadə etmək üçün hərbi rəhbərlikdə olmasını məqsədəuyğun sayıb.

Sergey Şirov üçün perespektivlərin açıldığı bir vaxtda ailə həyatı qurması hər şeyi alt-üst edib. O, 1944-cü ildə Moskva sakini Sofya Volskaya ilə ailə həyatı qurub. Evliliyin ilk ayında Şirov xoşagəlməz hadisələrlə üzləşib.

Toylarından 10 gün sonra Şirov bir neçə günlük ezamiyyətə gedib. Ezamiyyətdən qayıtdıqdan sonra qəhrəman təyyarəçi həyat yoldaşını evdə tapmayıb. Nəhayət, gecə saat 3-4 radələrində Sofya Volskaya evə qayıdıb. Şirov ondan harada olduğunu soruşanda, sərxoş vəziyyətdə olan həyat yoldaşı hər şeyi olduğu kimi deyib:

- Mən narkomun qonağı idim.

- Hansı narkomun, bu vaxt nə qonaqlıq?

- Beriya məni qonaq dəvət etmişdi.

Bu cavabı eşidən Şirov əsəblərinə sahib olmayaraq Beriyanın ünvanına söyüşlər yağdırmağa başlayıb:

- Mən o, əclafa, o yaramaza başa salaram başqasının həyat yoldaşını gecə yarıyadək qonaq saxlamağın nə demək olduğunu.

Sadəlövh təyyarəçi anlamayıb ki, “ilişdiyi” adam çox təhlükəli və amansızdır.

Sofya Volskaya ilə Beriyanın münasibətləri o həddə çatıb ki, narkom tam sərbəst olmaq üçün Şirovun xidmət yerini Özbəkistana dəyişdirib.

Şirov Moskvada həyat yoldaşının Beriya ilə davamlı görüşləri haqqında məlumatlı olub və olduğu bütün yerlərdə Beriyanın ünvanına təhqirlər, söyüşlər yağdırıb. Təbii ki, bu haqda Beriyanı məlumatlandırıblar. Şirov da öz növbəsində yaxşı dərk edib ki, Beriya imkanlarından istifadə edib məqam düşən kimi onu həbs etdirəcək. Bu təhlükəni anlayan qəhrəman SSRİ-dən qaçmağa cəhd edib. O, xidmət etdiyi aviasiya hərbi hissəsində U-2 təyyarəsi ilə sərhədləri keçmək istəyib. Bundan xəbər tutan aerodromun dispetçeri Şirovun qaçış planını yarımçıq qoyub. Bu “özbaşınalığa” görə Şirov şifahi töhmət alıb. Onun qeyri-qanuni uçuş etmək istəyinin məqsədini rəhbərlik bilməyib.

Bu hadisədən sonra Şirov Moskvaya çağrılıb. Ona çağırışın xidməti işlə bağlı olduğunu bildiriblər. Şirov gözlənilməz bu “dəvət”in Beriya tərəfindən olduğundan şübhələnib. O, elə həmin gün Leninkana uçub, oradan isə Türkiyəyə keçməyə cəhd edib. Qəhrəman təyyarəçi sərhəddə saxlanılıb.

Sergey Şirov həbs edilib, haqqında cinayət işi açılıb, vətənə xəyanət maddəsi ilə ilə ittiham olunub. Ümidlərini üzməyən Şirov məhkəmədə ailəsi ilə bağlı bütün hadisələri danışmaq, Beriyanı ifşa etmək haqqında düşünüb. Ancaq “NKVD”-nin təcridxanasında elə işgəncələrə məruz qalıb ki, izahatında Türkiyəyə, oradan isə Fransaya kedib SSRİ əleyhinə təbliğat aparacağı haqqında planlarını “könüllü” şəkildə “etiraf” edib.

Sergey Şirov məhkəmənin hökmü ilə 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun bütün təltifləri, o cümlədən Sovet İttifaqı Qəhrəmanı adı geri alınıb.

Şirov cəzasını Vorkuta həbsxanasında çəkib. Beriyanın isə Moskvada onun həyat yoldaşı ilə əyləncələri davam edib.

1953-cü ildə Beriya həbs olunduqdan sonra Şirov onun işinə yenidən baxılması üçün SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasına müraciət edib. Hərbi kollegiya Şirovun cəzasını 5 il azaldıb. 1954-cü ildə isə o, şərti azadlığa buraxılıb.

Səhhətində problemlər olan Şirov azadlığa çıxdıqdan sonra bir müddət fotoqraflıq edib. 1955-ci ildə onun psixoloji durumunda ciddi problemlər yaranıb və o, psixatriya xəstəxanasına yerləşdirilib. 1956-cı ildə, 40 yaşlı Şirov xəstəxanada vəfat edib.

Bəzi araşdırmaçıların qənaətinə görə, Şirovu psixatriya xəstəxanasına məcburi yerləşdiriblər. Belə ki, Şirovun SSRİ də baş verən haqsızlıqlarla bağlı ölkədəki diplomatik korpuslara müraciəti gözlənilirmiş.

0
Musavat.com