Gürcüstan quru sərhədləri ilə ölkə ərazisinə daxil olacaq tam vaksinasiya olunmuş şəxslərdən COVID-19 PZR analizinin neqativ nəticəsini göstərən sənəd tələb edəcək.
Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.
O bildirib ki, koronavirus əleyhinə vaksinin hər iki dozasını vurduran şəxslər də həmin arayışı təqdim etməli olacaqlar:
"Arayışsız quru sərhədlərdən Gürcüstan ərazisinə daxil olmağa icazə verilməyəcək. Quru sərhədlərin açılması ilə Gürcüstana yollanacaq ziyarətçilərin sayı artacaq və bu da yoluxma hallarının artmasına səbəb ola bilər. Buna görə də biz çox ehtiyatlı olmalıyıq. Ölkəyə səfər edəcək şəxslərə vaxtaşırı tibbi müayinədən keçmək də tövsiyə ediləcək”, - deyə, o vurğulayıb.
Qeyd edək ki, Gürcüstan iyunun 1-dən quru sərhədlərini açır. Qonşu ölkəyə quru yolla PCR testinin neqativ nəticəsi ilə daxil olan şəxslər üç gün ərzində öz hesablarına təkrar test verməli olacaqlar.