Qarabağ müharibəsinin ardınca: “İsgəndər” raketləri “görünməz” olacaq?

DÜNYA
17:03 / 03.06.2021
1697

Rusiya Müdafiə Nazirliyindəki mənbələr “İsgəndər-M” operativ-taktiki raket komplekslərinin yüksək manevr qabiliyyətli stels-raketlərlə təchiz ediləcəyini bildirib. Bu haqda “İzvestiya” yazır.

“Onları aşkar etmək praktiki olaraq mümkün deyil, üstəlik döyüş sursatı trayektoriya boyu mürəkkəb manevrlər edir və nəticədə rəqibin raketdən müdafiə sistemindən yayınaraq yerüstü hədəfi xüsusi dəqiqliklə vurur”,-qəzet Müdafiə Nazirliyindəki mənbələrə istinad edərək belə yazır.

Bildirilir ki, həmin raketin yaradılmasına 2016-cı ildə başlanılıb, 2020-ci ildə isə raket Kapustin-Yar poliqonunda sınaqdan keçirilib. Yeni raket radiodalğaları udan səthə malikdir və 500 kilometr məsafədən hədəfi dəqiq vurur. Raketin seriya istehsalı üçün son hazırlıq işlərinin getdiyi bildirilir.

Qeyd edək ki, Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən “İsgəndər” operativ-taktiki raket komplekslərinin (sonradan məlum oldu ki, bunlar ixrac üçün nəzərdə tutulmayan və 500 kilometr mənzilli raketlərdir) tətbiqi ətrafında qalmaqal Yerevanda az qala hərbi çevrilişə gətirib çıxarmışdı. Belə ki, Paşinyan “İsgəndər” raketlərinin ya partlamadığını, ya “10 faiz partladığını” demişdi. Baş qərargah rəisinin müavini, general Tiran Xaçatryan isə onun dediklərinə istehza edib gülmüşdü. Nəticədə Paşinyan Xaçatryanı işdən azad etdi, Baş qərargah rəisi Onik Qasparyan və ordunun rəhbərliyində yer alanların əksəriyyəti buna etiraz edib Paşinyanı dərhal istefa verməyə çağırdı. Mübarizə sonda Qasparyanın da vəzifədən azad edilməsi ilə nəticələndi.

Bu ilin mart ayında ANAMA əməkdaşları "İsgəndər-M" kompleksi üçün nəzərdə tutulmuş raketin qalıqlarını Şuşa ətrafında aşkar etmişdilər.

Habelə “Middle East Eye” nəşri yüksək rütbəli Azərbaycan hərbi məmuruna istinad edib yazmışdı ki, ən azı bir dəfə Azərbaycan ordusunun “Barak-8” hava hücumundan müdafiə kompleksi “İsgəndər” raketini zərərsizləşdirib. Sonradan bu barədə videogörüntülər də (qısa və keyfiyyətsiz olsa da ) internetdə yayılmışdı.

1
Virtualaz.org