Ermənistanın Vətəndaş Müqaviləsi partiyasından deputatlığa namizəd Tiqran Davudyanın İran vətəndaşı olduğu məlum olub.
“Qafqazinfo” news.am-a istinadən xəbər verir ki, bu barədə Seçki Nəzarəti Komitəsinin məlumatında deyilir.
“Seçki Nəzarəti Komitəsi tərəfindən həyata keçirilən internet monitorinqi nəticəsində Vətəndaş Müqaviləsi partiyasından millət vəkilliyinə namizəd Tiqran Davudyanın İran İslam Respublikasının vətəndaşı olduğu aşkar edilib. Bu isə “son dörd ildə yalnız Ermənistan Respublikasının vətəndaşı olanlar seçkilərə qatıla bilər” konstitusiya tələbinin yerinə yetirilmədiyi barədə əsaslandırılmış sübutdur”, - deyə məlumatda qeyd olunur.
Komitə Vətəndaş Müqaviləsi partiyası İdarə Heyətinin sədri Suren Papikyana T.Davudyanın İran vətəndaşlığından çıxması barədə sənədin surətini təqdim etməklə bağlı sorğu göndərib.
Qeyd edək ki, Vətəndaş Müqaviləsi partiyasının qurucusu Ermənistanın müvəqqəti Baş naziri vəzifəsini icra edən Nikol Paşinyandır. Ermənistanda parlament seçkiləri iyunun 20-də keçiriləcək.