Sarkisyan Paşinyanı ifşa edən səs yazısını ictimailəşdirdi

DÜNYA
10:17 / 10.06.2021
1754

İyunun 9-da Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyan və ailəsi haqqında paçıqlayacağını vəd etdiyi audioyazını ictimailəşdirib.

Sarkisyanın sözlərinə görə, bu səs yazısı Nikol Paşinyanı Qarabağ tənzimləməsi məsələsində ifşa edir.

Nikol Paşinyanın səsi eşidilən bu audioyazıda bildirilir:

“Mən 2018-ci il mayın 12-də Soçiyə getdim, çünki orda görüşlərim vardı, daha doğrusu bizim ilk tanışlığımız baş verirdi. Bu elə bir yer idi ki, burda iclaslardan əvvəl və sonra kofe-filan içmək üçün yığışırlar. Elə bu vaxt Putin, Nazarbayev və Lukaşenko gəlirlər və mənə bunu deyirlər: “Sənin indi böyük populyarlığın var və sair, sənin qismətinə Qarabağ məsələsini həll etmək şansı düşüb”. Mən deyirəm, yaxşı, tarixi şans var, amma sizcə həll etmək nə deməkdir? Onlar mənə “Lavrov planında” yazılanlardan danışırlar: qoşunların çəkilməsi-filan, deyirlər ki, onlar gəlib orda dayanacaqlar, heç milçək də uça bilməyəcək. Mən deyirəm ki, Qarabağın statusu müəyyən edilməyənədək bu məsələ müzakirə mövzusu ola bilməz. Mən heç bu varianta da razı deyiləm, amma siz mənə başqa şey deyirsiniz. Elə bu vaxt həm Putin, həm Nazarbayev, həm də Lukaşenka deyirlər ki, Əliyev Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bilir. Mən deyirəm əla, bu maraqlıdır. Gəlin bütün bunları kağızın üzərində yazaq və bu müzakirə üçün çox maraqlı mövzu olacaq. Mən də o kağızı gətirib xalqa deyərəm ki, belə bir təklif var: bu sizin üçün maraqlıdır, ya yox".

Səs yazısında daha sonra bildirilir:

"Mənə aydın oldu ki, burda mənim vəzifəm dəqiq müəyyənləşdirilib və bu konveyerdən qaçmaq, onun üstündən kənara atılıb başqa yerdə olmaq lazımdır, amma bircə o konveyerin üstündə yox. Belə olsaydı, ifadəmə görə məni bağışlayın, özümü bir az dəliliyə, bir az da qeyri-adekvatlığa qoymalı, amma bu konveyerdən kənara atılmalıydım. Onda vəziyyət çox riskli idi. Çox-çox riskli məsələ idi”.

"Azadlıq” radiosunun erməni xidməti yazır ki, baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu səs yazısına hələ ki reaksiya verməyib.

Amma səs yazısını dinlətdirdikdən sonra Ermənistanın üçüncü prezidenti Sarkisyanı Paşinyanı danışıqları dalana salmaqda ittiham edib:

“Belə bir nəticə alınır ki, bu adam dəli deyil. O özünü dəliliyə qoyub gic-gic hərəkətlər edir. Bu ölkə başçısı üçün sadəcə olaraq yolverilməzdir”.

Xatırladaq ki, iki gün öncə Serj Sarkisyan demişdi ki, onun ordu üçün ayrılmış pulları Monte Karlodakı kazinoda uduzduğuna dair ittihamına Paşinyan 24 saat ərzində bircə sübut göstərə bilməsə, o həmin bu audionu açıqlayacaq.

0
Modern.az