Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hesab edir ki, hazırda Azərbaycanla müharibə təhlükəsi yoxdur.
O, "İndi Əliyevdən (Azərbaycan Prezidenti İlham Əliyevi nəzərdə tutur-red.) müharibə təhlükəsi gözlənilmir. Sülh hökm sürür, Rusiya qoşunları durur və Ermənistanla Azərbaycan arasında müharibə mümkün deyil," - deyib.
"Razılaşa da bilərsiniz, razılaşmaya da, lakin nə zamansa biz həm Əliyevlə, həm də Türkiyə ilə hansısa bir razılığa gəlməli olacağıq. Qonşular əbədi düşmən ola bilməz," - o əlavə edib.
Müstəqil Ermənistanın ilk prezidentinin sözlərinə görə, qonşularla əbədi düşmənçilik Ermənistanın mövcudluğunu təhlükə altına qoyur. Vəziyyətin tənzimlənməsi üçün sülh, mehriban qonşuluq və əmin-amanlıq olmalıdır.
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə gəldikdə isə, Ter-Petrosyan hesab edir ki, indən belə bu, Ermənistandan asılı deyil. Bu məsələni bəlkə Rusiya, ya da BMT həll edəcək və "barışmaqdan başqa bir yol" yoxdur.
"Heç bir erməni deyə bilməz: mən Qarabağ münaqişəsini həll edərəm. Belə şey yoxdur. Bu, illüziyadır," - o deyib.