Nikol Paşinyanın parlament seçkilərində qələbəsindən dərhal sonra Xankəndindəki “Dirçəliş” meydanında separatçı rejimin əleyhinə mitinq keçirilib. Aksiya iştirakçıları qondarma rejimin başçısı Araik Arutyunyanı seçki zamanı Dövlət Dumasının qərargahına getdiyi üçün istefaya səsləyib.
Onlar “Artsax xalqı Paşinyanı təbrik edə bilməz” kimi şüarlar səsləndirib. Bəzi mütəxəssislər Xankəndindəki bu gərginliyin Köçəryan tərəfdarları tərəfindən yaradıldığını, hətta bu məsələdə Rusiyanın da əlinin olduğunu düşünür. İddialar bundan ibarətdir ki, Rusiya qondarma rejimin Təhlükəsizlik Şurasının rəhbəri Vitali Balasanyanı Araik Arutyunyanın yerinə gətirərək Xankəndinin ermənilər yaşayan hissəsində möhkəmlənməyə çalışır.
Məsələni Yenisabah.az-a şərh edən politoloq Elçin Mirzəbəyli qeyd edib ki, məsələnin birbaşa Rusiya ilə bağlı olub-olmadığını söyləmək olduqca çətindir:
“Lakin prosesdə birbaşa Köçəryan və Sarkisyanın əli olduğu göz qabağındadır. Bu etirazların gündəmə gəlməsinin əsas səbəblərindən biri proseslərə maneə yaratmaq istəyidir. Yəni indi klassik separatçılar-Köçəryan və Sarkisyan, eyni zamanda onların tərəfdarları çalışacaqlar ki, nəyin bahasına olur olsun, Ermənistanın üçtərəfli razılaşmanın şərtlərini yerinə yetirməsinə əngəl törətsinlər.
Xüsusilə də Azərbaycanın işğaldan azad edilmiş əraziləri və Azərbaycan ərazilərində yaşayan, rus sülhməramlılarının müşayiəti altında olan etnik ermənilərlə bağlı şərtlərin icrasını istəmirlər. Məqsəd sadəcə budur”.
Siyasi ekspertin sözlərinə görə, Köçəryan və Sarkisyan Paşinyanın bölgədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcək qədər zəif fiqur olduğunu sübut etməyə çalşacaq:
“Onlar yenidən növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir. Əslində, Köçəryan parlament seçkilərindən sonra keçirdiyi mətbuat konfransında açıq şəkildə öz hədəfini bildirdi və bəyan etdi ki, növbədənkənar parlament seçkilərinin keçirilməsinə çalışacaq. Azərbaycan ərazisində-Xankəndində başlayan prosesin təməlində də elə bu amil dayanır.
Biz məsələnin bir tərəfini, yəni hansısa separatçıların törətdiyi və yaxud Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində baş verən prosesləri nəzərə alırıq. Amma unutmaq lazım deyil ki, bütün bu prosesləri kompensasiya etmək və önləyici tədbirlər görmək üçün ortada Şuşa Bəyannaməsi var. Əgər buna cəhd olunacaqsa, Rusiya sülhməramlılarının missiyası başa çatacaq və Xankəndindəki separatçılar gözlərinin önündə Azərbaycan əsgərini görəcək. Bunun alternativi yoxdur”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, bu gün Ermənistanın sadəcə bir yolu var, o isə üçtərəfli razılaşmanın prinsiplərini yerinə yetirmək və öhdəliklərin icra edilməsindən ibarətdir:
“Həmin öhdəliklər çərçivəsində rus sülhməramlılarının da missiyası var. Əgər Azərbaycan ərazilərində separatçılığın yenidən stimullaşdırılması üçün şərait yaradılacaqsa, o zaman Azərbaycan öz torpaqlarının, həmçinin erməni vətəndaşların təhlükəsizliyini təmin etmək üçün məsuliyyəti üzərinə götürərək müvafiq addımlar atacaq. Əmin edirəm ki, bu məsələdə beynəlxalq birlik də Rusiyanın yanında olmayacaq. Şuşa Bəyannaməsi açıq şəkildə ortaya qoyulan bir mesajdır və Azərbaycan da, Türkiyə də proseslərin hansı istiqamətdə gedə biləcəyini öncədən müəyyənləşdirib”.