Tovuz döyüşlərinin baiskarı olan erməni general vəzifədən AZAD EDİLDİ

DÜNYA
16:59 / 08.07.2021
1641

Ermənistan prezidenti Armen Sarkisian general Qriqori Xaçaturovun 3-cü ordu korpusunun komandiri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Qriqori Xaçaturovu Cermukdakı hərbi hissənin komandiri, polkovnik Geqam Martirosyan əvəz edəcək.

Qeyd edək ki, general Qriqori Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş sədri, Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Yuri Xaçaturovun oğludur.

“Qarabağ klanı”nın etibarlı kadrı sayılan Q.Xaçaturov 2008-ci ildə Yerevan qarnizonunun komandiri olub. O, həmin ilin martında prezident seçkilərinin nəticələrinə etiraz edən kütləyə qarşı ordu qüvvələrindən istifadədə ittiham edilmiş və həbs olunmuşdu. Xaçaturov az sonra Rusiyanın təzyiqləri ilə azadlığa buraxılmışdı.

General-mayor Qriqori Xaçaturovun komandiri olduğu 3-cü korpus Azərbaycan-Ermənistan sərhəddinə Qazax rayonunundan Daşkəsən rayonuna qədər olan istiqamətə nəzarət edir. Ermənistan ordusunun tərkibində sayca ən böyük hərbi birlik olan 3-cü korpusun qərargahı Vanadzor şəhərində yerləşir. Korpusun tərkibinə daxil olan 246-cı moto-atıcı alay İcevan, 543-cü moto-atıcı alay Noyamberyan və 549-cu moto-atıcı alay Gədəbəy rayonu ilə üzbəüz yerləşən Çəmbərək şəhərindədir.

Qriqori Xaçaturov hələ 2016-cı il iyulun 7-də eks-prezident Serj Sarkisyan tərəfindən korpus komandiri təyin olunmuşdu. Təyin olunduğu ilk gündən Qriqori Xaçaturov Qazax-Tovuz rayonları istiqamətində gərgin situasiya yaratmış, yaşayış məntəqələrinə atəşi intensivləşdirmişdi. Aqressivliyi ilə ad çıxaran Qruqoriu Xaçaturov ölkə daxilində də adının qalmaqallarda hallanmasından sığortalanmamışdı. Belə ki, korpus komandiri təyin olunana qədər, Qriqori Xaçaturov Ararat vilayətində yerləşən Vazgen Sarkisyan adına hərbi hissəsinin komandiri olub və mənfi reputasiya qazanıb.

“Bəzən əsgərləri diz çökməyə və Xaçaturovun hərbi çəkmələrini öpməyə vadar edirdilər. O və “Roj” ləqəbli müavini Vardan Martirosyan hərbi hissəsi kriminal qanunlarla idarə edir, əsgər və zabit-gizir heyətinə fiziki, psixoloji işgəncələr verirdilər”- deyə hüquq müdafiəçisi Artur Sakunts açıqlama vermişdi.

Hüquq müdafiəçisi atasının və Ermənistan rəhbərliyinin himayəsi altında olan Xaçaturovun ağır cinayətlərə yol verdiyini, onun rəhbərlik etdiyi hərbi hissələrdə şəxsi heyət arasında döyüş və qeyri-döyüş itkilərinin xeyli artdığını xatırladıb. 

Yeri gəlmişkən, son illər cəbhə xəttinin Qazax-Tovuz rayonları istiqamətində təxribat-diversiya cəhdləri, yaşayış məntəqələrinin intensiv atəşə tutulması Qriqori Xaçaturovun adı ilə bağlıdır.
 
Belə təxribatlardan biri 2020-ci il iyulun 12-də baş vermişdi. Bir neçə gün davam edən və "Tovuz döyüşləri" adı alan həmin savaş zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərmişdi. Ermənistan ordusunun artilleriya və diversiya qruplarından istifadə etməklə törətdiyi hərbi təxribat nəticəsində Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu şəhid olmuşdu. Bunlar general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı, çavuş Vüqar Sadıqov, MAXE Elşad Məmmədov, MAXE Elçin Mustafazadə, MAXE Nazim İsmayılov, əsgər Xəyyam Daşdəmirov idi. Modern.az

0