Qarabağdan qaçan ermənilər Paşinyana 10 gün vaxt verdilər

DÜNYA
17:36 / 16.07.2021
3385

Vaxtilə Azərbaycanın Laçın rayonu ərazisində xüsusi məskunlaşma proqramı çərçivəsində qanunsuz yerləşdirilmiş 10 minədək erməni indi Yerevanda hökumətdən ev tələb edir.

Bu barədə “Azadlıq” radiosuunun Ermənistan xidməti məlumat yayıb.

Məlumata görə, Laçında əsasən əkinçilik və heyvandarlıqla məşğul olan həmin ermənilər Yerevan və Ermənistanın müxtəlif regionlarındandırlar.

Ermənistan hökuməti iyulun 15-də Laçın rayonundan qaçan erməni sakinləri qəbul edib.

Onları baş nazirin müavini Mqer Qriqoryan qəbul edib.

Məlumata görə, sakinlər bir həftə əvvəl hökumət evinin qarşısında etiraz aksiyası keçirmişdilər.

Bu şəxslər, 44 günlük son Qarabağ savaşından sonra yenidən Ermənistana dönüblər və vaxtaşırı paytaxt Yerevanda etiraz aksiyaları keçirirlər.

Aksiyaçılar onlara ya kompensasiya, ya da Qarabağda yox, Ermənistanda-90-cı illərdə köçdükləri yaşayış məntəqələrində ev verilməsini tələb edirlər.

Aksiyaçıların sözlərinə görə, hökumət onlara bir həftə - 10 gün içində konkret cavab verməlidir.

Məlumata görə, hökumət hazırda həmin şəxslərə 20 min dollar civarında yardım verilməsinin mümkünlüyünə baxır.
Bu vəsait yalnız ev almaq üçün nəzərdə tutulur.

Mənbə bildirib ki, vaxtilə Azərbaycanın Laçın rayonu ərazisində xüsusi məskunlaşma proqramı çərçivəsində ümumilikdə Yerevan və Ermənistanın müxtəlif regionlarından 10 minədək adam məskunlaşdırılıbmış.

İndi müvəqqəti sığınacaqlar və internatlarda məskunlaşmış bu insanlar yenə də eyni şeylə məşğul olmaq istəyirlər.

“Yerevanda nə işimiz var? Bizə torpaq sahəsi olan ev lazımdır ki, əkib yaşaya bilək, əkib-bicməyə öyrəşmişik",- deyə Armen Çomoyan adlı sakin bildirib. 

0