Koronavirus epidemiyası bitməmiş ABŞ-da yeni “Meymun çiçəyi virusu” meydana çıxıb.
9 iyulda Nigeriyadan Dallas Hava limanına uçan ABŞ vətəndaşında virusun aşkar edildiyi açıqlanıb.
Səlahiyyətlilər bildirir ki, sərnişinlər koronavirus epidemiyası səbəbiylə təyyarədə maska taxdıqları üçün sözügedən virusun yayılma riski azdır.
İlk dəfə 1950-ci illərdə laboratoriya mühitindəki meymunlarda aşkarlanan, tənəffüs yollarından keçən və insandan insana keçə bilən “Meymun çiçəyi virusu”na ABŞ-da təxminən 20 ildir rast gəlinmirdi.
7-14 gün arasında simptomları inkişaf edən virusun əlamətlərinə yorğunluq, baş ağrısı, yüksək temperatur və əzələ ağrıları daxildir. 2003-cü ildə nəzarətə götürülən virus üçün xüsusi müalicə və ya peyvənd yoxdur.
Qeyd edək ki, Böyük Britaniyada da iki nəfərdə eyni virus tapılıb.