95 yaşlı kraliça II Yelizavetanın dünyasını dəyişərkən xaos yaranmaması üçün Böyük Britaniyada xüsusi plan hazırlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Portalda yayılan sənədlərə əsasən, kraliçanın öləcəyi və dəfn ediləcəyi günlərlə bağlı bütün detallar hər incəliyinə qədər düşünülüb.
II Yelizavetanın ölümü ilə əlaqədar hazırlanmış plana İngiltərə hökuməti tərəfindən “London körpüsü” adı verilib. Plan Londonda sıxlığın və xaosun qarşısını almaq üçün kütlə ilə mübarizə aparmaq məqsədilə hazırlanıb.
Kraliçanın ölüm tarixinə “D-Day” adı veriləcək. Onun dəfninə qədər hər növbəti gün “D+1”, “D+2” və s. adlandırılacaq.
II Yelizavetanın ölüm xəbəri Bukingem sarayı tərəfindən hökumət nümayəndələrinə “London körpüsü dağıldı” kod ifadəsi ilə bildiriləcək. Ölkənin Baş naziri bu xəbəri öyrənən ilk şəxs olacaq. Bundan sonra kral ailəsi II Yelizavetanın ölümü ilə bağlı ictimaiyyət üçün “rəsmi məlumat” yayacaq.