Azərbaycan Ermənistanla ötən ilin payızında apardığı müharibədə Türkiyə və İsrail istehsalı olan dronlarla düşmənə məxsus 200-dək zirehli hərbi texnika və artilleriya sistemlərini məhv edib.
Bundan əlavə, Türkiyənin Suriya, Liviya, İraqda pilotsuz uçuş aparatlardan istifadəsi adı çəkilən ölkələrdəki döyüşlərin gedişatını dəyişib. Bu yaxınlarda ABŞ-ın Əfqanıstandakı hədəflərə qırıcılarla deyil, məhz dronlarla zərbə endirdiyini qeyd etmək yerinə düşər.
XXI əsrdə aparılan müharibəyə mühüm təsir göstərən başqa amil də proksi qüvvələrdir. Bu gün proksi qüvvələrdən Yaxın Şərq ölkələrindəki münaqişələrdə geniş şəkildə istifadə edilir.
Qərbli ekspertlər isə Türkiyənin dronların sayını və növlərini artırmasına, həmçinin pilotsuz uçuş aparatları vasitəsilə regionda nüfuzunu artırmasına xüsusi diqqət yetirir.
Mövzu ilə bağlı “Kaspi” qəzeti maraqlı yazı hazırlayıb.
Türkiyənin müdafiə sənayesinin təkamülü
ABŞ-ın "The National Interest” nəşrinin yazarı Uil Smit hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin müdafiə sənayesində müstəqilliyi artırmaq istəyinə görə Ankara yüksək texnologiyalı dronların istehsalını inkişaf etdirib: "Ərdoğan hakimiyyətə gəldikdən sonra müdafiə sənayesinin inkişafını istər daxili, istərsə də xarici siyasətində əsas məsələyə çevirib. Onun 2002-2019-cu illərdə səyləri nəticəsində ölkəsinin hərbi sahədə ixracatı 248 milyon dollardan 2,74 milyard dollaradək artıb. Üstəlik, Türkiyədə müdafiə sahəsi ilə məşğul olan şirkətlərin sayı 56-dan 1500-ə çatıb”.
Müəllif xatırladır ki, Türkiyə PKK terror təşkilatına zərbə endirmək məqsədilə 2000-ci illərin əvvəllərində İsraildən pilotsuz uçuş aparatları almağa başlayıb: "Lakin Ankara İsrail dronlarından narazı qaldığına görə özü dron istehsalına start verdi”.
U.Smit qeyd edir ki, Türkiyə dövləti yaxın keçmişdə silahların 80%-ni ABŞ-dan tədarük edirdi. Hazırda bu göstəricinin cəmi 30% olduğunu qeyd etmək yerinə düşər.
Onun sözlərinə görə, Türkiyənin müdafiə sənayesinin inkişafı ilə bağlı səyləri, əslində, NATO müttəfiqlərinin regionda türkiyəli hərbçilərin fəaliyyətinə problemlər yaratmamasına istiqamətlənib.
Türkiyənin müharibə modelinin yüksəlişi
Bu gün Türkiyə Suriya, Liviya və İraq kimi ölkələrdə həyata keçirilən hərbi əməliyyatlarda, əsasən, iki amildən istifadə edir: dronlar və proksi qüvvələrdən. Amerikalı siyasi ekspert U.Smit xatırladır ki, Ankara ilk dəfə 2020-ci ilin əvvəllərində Suriyada pilotsuz uçuş aparatlardan istifadə etməklə dünyanın diqqətini cəlb edib. Daha sonra Türkiyə dronları Liviyada peyda olub və Liviya Milli Ordusunun komandiri Xəlifə Həftarın paytaxt Tripoliyə nəzarəti ələ keçirməsinə imkan verməyib.
U.Smit qeyd edir ki, Türkiyə regionda davam edən münaqişələrdə dronlardan əlavə, proksi qüvvələrdən də istifadə edir: "Ankara Suriyada müxalif qüvvələrlə əməkdaşlıq etməyə başladı. Məsələn, Türkiyə 2016-cı ildə müxalif qüvvələrin koalisiyası olan Suriya Milli Ordusu ilə birgə "Fərat Qalxanı” əməliyyatını həyata keçirib”.
Amerikalı müəllif vurğulayır ki, Türkiyə proksi qüvvələrdən təkcə Əsəd ordusuna qarşı deyil, həm də PKK/YPG-yə qarşı mübarizəsində istifadə edir. Bir sözlə, Ankara yeni müharibə modeli sayəsində Liviya, Suriya, İraq daxil olmaqla, regionda təsirini artırıb.
Ankaranın Cənubi Qafqaza təsiri
Uil Smit Türkiyənin Suriya, Liviyadan sonra müharibə modelini Cənubi Qafqaza istiqamətləndirdiyini qeyd edir: "Ermənistanla Azərbaycan ötən ilin payızında müharibəyə başlamışdı. Türkiyə isə bu müharibədə Azərbaycanı dəstəkləyib”.
Onun sözlərinə görə, Ankara Bakıya son müharibədə yardım göstərərək Azərbaycana pilotsuz uçuş aparatları tədarük edib: "Ermənistanın müasir dövrün tələblərinə cavab verməyən silahlı qüvvələri Azərbaycanın dronlarının qarşısını ala bilməyib. Nəticədə, Ermənistanın hava hücumundan müdafiə sistemləri məhv edilib, Azərbaycanın yerüstü hərbi birləşmələrinin effektli şəkildə qorunması təmin olunub”.
U.Smit vurğulayır ki, Türkiyə 1990-cı illərin əvvəllərindən fərqli olaraq son müharibədə Azərbaycana tam dəstək verib: "Buna səbəb Türkiyənin Cənubi Qafqazda təsirini artırmaq istəyi və son illərdə enerji sahəsində Rusiya və İrandan asılılığını azaltması olub”.
Dron istehsalının genişləndirilməsi planı
Yaponiyanın "Nikkei Asia” saytının yazarı Sinan Tavşan isə son məqaləsində Türkiyənin dron istehsalını genişləndirməsi və "Teknofest-2021” festivalından yazır: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn il "Texnofest” festivalının beynəlxalq səviyyəyə yüksələcəyini və Azərbaycanda keçiriləcəyini bəyan edib. Azərbaycan Türkiyə dronlarının yeni imkanlarının nümayiş etdirilməsi üçün uyğun ölkədir. "Teknofest-2021” festivalında təqdim edilən pilotsuz uçuş aparatları Qarabağdakı ötənilki müharibədə Ermənistan tanklarına sarsıdıcı zərbə vurub. Nəticədə, Azərbaycan təxminən 30 ildən sonra region üzərində nəzarəti bərpa edib”.
Müəllif qeyd edir ki, hazırda Türkiyə yeni dron növlərinin istehsalı üzərində çalışır: ""Teknofest-2021” festivalında "Akınçı” pilotsuz uçuş aparatı təqdim edilib. Bu yeni dron Ermənistanla Azərbaycan arasında baş vermiş son müharibədə istifadə edilən "Bayraktar TB2”-dən 10 qat çox yükdaşıma qabiliyyətinə malikdir”.