Son bir həftə ərzində dünyada 2,8 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 46 mindən çox insan isə həyatını itirib. Yeni yoluxma hallarının sayı yeddi gündə 7 faiz, ölüm halları isə 10 faiz azalıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiya ilə bağlı həftəlik bülletenində deyilir.
Təşkilatın təqdim etdiyi statistik məlumatlara görə, yeddi gün ərzində 2 885 011 yoluxma halı və 46 789 ölüm halı qeydə alınıb.
Yoluxma səviyyəsində bir həftə ərzində xüsusilə əhəmiyyətli azalma Afrikada (32 faiz) və Qərbi-Sakit Okean regionunda (26 faiz) qeydə alınıb. Avropa yoluxma hallarının sayının artdığı yeganə bölgədir (7 faiz). Ölüm halları da yalnız Avropada (11 faiz) artıb. Bir həftə ərzində yoluxanların ən çox sayı barədə təşkilata Birləşmiş Ştatlar tərəfindən bildirilib (653 837). Ondan sonra Böyük Britaniya (249 699), Türkiyə (205 266), Rusiya (188 829) və Hindistan (139 572) yer alıblar.
ÜST tərəfindən "narahatlıq doğuran variantlar" kateqoriyasına aid edilən koronavirusun "alfa", "beta", "qamma" və "delta" ştamları, bir həftə ərzində ümumilikdə yayılmasını genişləndirməyib. İlk dəfə 2020-ci ilin sentyabr ayında Böyük Britaniyada aşkar edilən "alfa” ştamı indi 195 ölkə və ərazidə mövcuddur. Ötən ilin avqust ayında Cənubi Afrika Respublikasında aşkar edilən "beta” variantı 145 dövlətdə dövr edir. 2020-ci ilin sentyabr ayında Braziliyada aşkar edilən "qamma” ştamı 99 ölkədə mövcuddur. "Delta” variantının mövcudluğu barədə məlumatlar 191 ölkədən daxil olub. Bu ştam Hindistanda aşkar ediləndən sonra 2020-ci ilin oktyabrından bəri mütəxəssislərə məlumdur.
ÜST-ün oktyabrın 13-nə olan məlumatına görə, pandemiyanın başlanğıcından bəri dünyada 238 521 855 yoluxma halı və 4 863 818 ölüm halı qeydə alınıb.