Moskvada “Smolensk” bankının top-meneceri Mixail Yaxontov, onun həyat yoldaşı və səkkiz yaşlı oğlunun qətli ilə əlaqədar ağ rəngli “Hyundai Solaris” markalı avtomobilin axtarışına başlanılıb. Avtomobil Mıtişi şəhərində yaşayan 38 yaşlı azərbaycanlıya məxsusdur.
Bu barədə MK-ya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Ehtimal edilir ki, avtomobildən taksi kimi istifadə edilib.
Sözügedən azərbaycanlının polis əməkdaşına hücum etməkdə şübhəli bilindiyi barədə də məlumat var. Ola bilsin ki, avtomobil banka qoyulub və bir neçə sahibi dəyişib.
Mənbənin sözlərinə görə, avtomobilin hadisə yerindən qaçmasına dair sübutlar var. Bankirin, həyat yoldaşının və oğlunun meyitləri mənzildə dünən günorta saatlarında tapılsa da, cinayət böyük ehtimalla oktyabrın 26-sı gecə törədilib.
Meyitlər mənzildə bankirin qızı tərəfindən tapılıb. Məlumata görə, ata zənglərə cavab verməyib və o, evə baş çəkmək qərarına gəlib. Mənzilə girəndə isə dəhşətli mənzərə ilə üzləşib... Məlum olub ki, böyüklər bıçaq yaralarından, uşaq isə boyun fəqərələrinin sınmasından ölüb. Qətlin əsas versiyası Yaxontovun kriminal keçmişi hesab edilir. 2019-cu ildə o, bank oğurluğu ilə bağlı dələduzluqda təqsirli bilinib. Yaxontovun 8 milyard rubldan (193,5 milyon manat) çox borcu olduğu iddia edilir.